Rəşad Sadiqov: Qəbələ PAOK-a qalib gəlməlidir
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Yunanıstan PAOK-u ilə səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Komandada atmosfer necədir?
- Gördüyünüz kimi, hər şey normaldır, uşaqlar deyib gülürlər. Hamı başa düşür ki, bizi PAOK-la vacib oyun gözləyir.
- Bu vacib oyunda komandanın liderlərindən sayılan Dodo olmayacaq. Üstəlik, Rafael Santosla Dmitri Bezotosnının meydana çıxması sual altındadır...
- Onların bizim üçün nə dərəcədə vacib futbolçu olduqları aydın məsələdir. Amma zədə futbolda normal haldır. Bundan hətta ən yaxşı futbolçular da sığortalanmayıb. Hazırda bizdə yalnız Dodo zədəlidir. Ona görə də bir futbolçunun yoxluğu bizim çıxışımıza təsir etməməlidir.
- Hər halda komandanın ikinci kapitanı sıradan çıxmış oldu...
- Kapitan komandanın hamısı deyil. Şübhəsiz ki, Dodo komandamızın vacib üzvlərindən biridir. Bu zədəyə baxmayaraq, bizim onu layiqincə əvəz edə biləcək futbolçularımız var. Əlimizdən gələni edəcəyik ki, onun yoxluğu hiss olunmasın.
- PAOK da son dövrlər sizin kimi, sabit çıxış etmir...
- Hər bir komandada eniş dövrü olur. Görünür, onlarda da oxşar proses gedir. Biz isə qara zolaqdan mümkün qədər tez çıxmaq üçün çalışmalıyıq. Aydın məsələdir ki, PAOK da eyni istəkdədir. İstənilən halda ən güclü qalib gələcək.
- PAOK-un heyətində hansı futbolçu daha təhlükəlidir?
- Onların 11 nömrəli futbolçusu Robert Mak çox yaxşı təsir bağışlayırdı. Eyni zamanda Dimitar Berbatovu da qeyd etmək olar. Ümumiyyətlə, yunanların heyətində güclü futbolçular çoxdur.
- "Qəbələ"nin Yunanıstana son səfəri "Panatinaikos"la oyun zamanı olmuşdu və siz sərfəli heç-heçəyə imza atmışdınız. PAOK ölkəsinin nəhənglərindən hesab olunmur. Sizə elə gəlmir ki, bu komanda ilə heç-heçə ciddi uğur sayılmayacaq?
- Bəli, heç-heçə bizi qane etməyəcək. Hər ikisi Yunanıstan klubu olsa da, oyun tərzləri fərqlənir. Məsələn, biri beş, digəri dörd müdafiəçi ilə oynayır. Lakin bu, bizim qrupdan çıxmaq yolunda son şansımızdır.
- Yunan azarkeşlər çılğınlığı ilə seçilir. Bu, sizin oyununuza təsir göstərməyəcək?
- Afinada "Panatinaikos"a qarşı oyunda xüsusi atmosfer var idi. Bizim üçün elə bir atmosferdə oynamaq çox xoş idi. Amma bizim əsas istəyimiz öz oyunumuzu göstərməkdir. Qələbə qazanmalıyıq.