Qarabağ və Qəbələ üçün həlledici matçlar
Bu gün Avropa Liqasında qrup mərhələsinin beşinci turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qarabağ"la "Qəbələ" də qrupdakı növbəti oyununa çıxacaq.
"Qarabağ" doğma meydanda İngiltərənin "Tottenhem" klubu ilə qarşılaşacaq. "Qəbələ" isə səfərdə Yunanıstanın PAOK klubunun qonağı olacaq. Futbolsevərlərin diqqəti öncə Bakıdakı görüşə yönələcək. 22:00-da start götürəcək bu oyun bitəndən az sonra, 00:05-də də Qəbələ klubunun yunanlarla dueli start götürəcək.
Xatırladaq ki, son Azərbaycan çempionu "Qarabağ" bu mövsüm Avropa macərasına UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlamışdı. Ağdam klubu Çernoqoriyanın "Rudar" klubu ilə Bakıdakı görüşdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 1:0 hesablı qələbə sayəsində tur adlamışdı. ÇL-in üçüncü təsnifat mərhələsində isə Qurban Qurbanovun komandası Şotlandiyanın "Seltik" klubuna uduzaraq (səfərdə 0:1, evdə 0:0) Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qalmışdı. Bu mərhələdə İsveçrə "Yanq Boyz"una həm səfərdə (1:0), həm də doğma meydanda (3:0) qalib gələn təmsilçimiz tarixində ikinci dəfə bu turnirin qrupuna vəsiqəni təmin etmişdi. Qrup mərhələsinin ilk turunda İngiltərə "Tottenhem"i ilə qarşılaşan ağdamlılar həmin görüşdə məğlubiyyətlə üzləşsə də (1:3), doğma meydanda Belçika "Anderlext"inə qalib gəlmişdi - 1:0. Fransa "Monako"su ilə səfər oyununda 0:1 hesablı məğlubiyyətə üzülən təmsilçimiz bu komanda ilə ev oyunda da 1:1 hesablı heç-heçəyə razılaşdı.
Premyer Liqanın son mövsümünün bürünc mükafatçısı olan "Qəbələ" isə Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi birinci təsnifat mərhələsində Tiflis "Dinamo"sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0). İkinci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" (səfərdə 0:1, evdə 2:0) klubunu mübarizədən kənarlaşdıran komandamız daha sonra Kipr "Apollon"una gücünü göstərmişdi (səfərdə 1:1, evdə 1:0). Pley-offda isə Roman Qriqorçukun çalışdırdığı kollektiv Yunanıstan nəhəngi "Panatinaikos"u yolundan kənarlaşdıraraq (evdə 0:0, səfərdə 2:2) tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmışdı. Bölgə təmsilçisi qrup mərhələsindəki ilk oyununda da qənaətbəxş nəticə əldə etmişdi - bu gün qarşılaşacağı Yunanıstan PAOK-u ilə doğma meydanda qolsuz bərabərliyə imza atmışdı. Lakin ikinci turda Rusiya "Krasnodar"ı ilə qarşılaşma təmsilçimiz üçün uğursuz başa çatdı - 1:2. Ardından Almaniyanın "Borussiya" (Dortmund) komandasına Bakıda 1:3 hesabıyla uduzan təmsilçimiz səfərdə daha ağır yenilgi ilə üzləşdi - 0:4.
Rəqiblərə gəlincə, İngiltərənin aparıcı klublarından olan və Londonu təmsil edən "Tottenhem" 1882-ci ildə yaradılıb. 132 yaşlı qocaman klubun indiki prezidenti Daniel Levidir. Baş məşqçi postunu isə Maurisio Poçettino tutur. Argentinalı mütəxəssis 2014-cü ildən bu komandanın sükanı arxasında çalışır. "Tottenhem" yaşlı klub olmasına baxmayaraq, İngiltərədə cəmi iki dəfə ölkə çempionu adını qazanıb. Bu, 1950/51 və 1960/61 mövsümlərinə təsadüf edib. 4 dəfə isə Premyer Liqanın gümüş medalları "Qarabağ"ın rəqibinə qismət olub. 8 dəfə İngiltərə Federasiya Kubokuna sahib çıxan London təmsilçisi 4 dəfə də Liqa Kubokunu qazanıb.
Ağdam klubunun rəqibi beynəlxalq arenada da müəyyən uğurlara malikdir. Məsələn, bu komanda iki dəfə indi Avropa Liqası adlanan UEFA Kubokunun qalibi olub. Bu, 1972 və 1984-cü illərə təsadüf edib. 1974-cü ildə isə bu turnirin finalına çıxmasına baxmayaraq, məğlubiyyətlə üzləşib. "Tottenhem" 1963-cü ildə də Kuboklar Kuboku adlanan turnirdə baş mükafata sahib çıxıb.
Ötən mövsüm bu klub Premyer Liqada 5-ci yeri tutmaqla Avroliqanın birbaşa qrup mərhələsində oynamaq şansı qazanıb. Keçirdiyi 38 oyunda 19 qələbə qazanıb, 7 dəfə heç-heçə edən "Tottenhem" 12 matçda meydanı məğlub tərk edib. Rəqiblərini 58 dəfə məyus edən komanda öz qapısında 53 qol görüb. Premyer Liqanın cari mövsümünün geridə qalan 13 turunda bu komanda 6 qələbə və 6 heç-heçə sayəsində 24 xalla 5-ci pillədə qərarlaşıb. Cəmi 1 dəfə məğlubiyyət acısı yaşamış londonlular Avroliqada da pis çıxış etmir. Əvvəlki 4 oyundan 2-də qalib gələn ("Qarabağ"a 3:1, "Anderlext"ə 2:1), bir oyunda heç-heçə ("Monako" ilə 1:1) edən və bir görüşdə də uduzan ("Anderlext"ə 1:2) İngiltərə klubu hazırda 7 xalla qrup lideridir.
Saloniki şəhərini təmsil edən PAOK isə 1926-cı ildə yaradılıb. 28703 tamaşaçı tutumuna malik “Tumba” stadionunda çıxış edən PAOK ilk uğurunu 11 il gözləyib. 1937-ci ildə ölkə çempionatının gümüşünü qazanan komanda 3 il sonra bu uğuru təkrarlayıb, 1939-cu ildə isə kubokun finalınadək irəliləyib. 1951 və 1955-ci illərdə də kubok qazanmaq imkanının həlledici qarşılaşmada əldən verən Saloniki təmsilçisinin qızıl dövrü ötən əsrin 70-ci illərinə təsadüf edib. Yunan futbolunun məşhur simalarının yer aldığı komanda uğurlarının çoxunu həmin heyətlə əldə edib. 1972-ci ildə ilk titulunu qazanıb, Yunanıstan kubokuna yiyələnən PAOK iki ildən sonra bu nailiyyətini təkrarlayıb. 1971-ci ildə isə finalda uduzan Salonika klubu 1973-də həm kubok, həm çempionatda ikinci olub.
41 il əvvəl Kuboklar Kubokunun 1/4 finalınadək irəliləyən salonikililər avrokuboklar tarixində özünün ən yaxşı nəticəsinə imza atıb. PAOK həmin nəticəsini hələ də təkrarlaya bilməyib. 1976-cı ildə ilk dəfə Superliqanın çempionu tituluna sahib çıxan PAOK 2 il sonra gümüşlə kifayətlənib. 1978-ci ildə də çempionatın ikincisi olan salonikililər 1977, 1978, 1981, 1983, 1985-ci illərdə kubokun finalında uduzub. 30 il öncə klub tarixinin ikinci və sonuncu çempionluğunu bayram edib. Əsasən “Olimpiakos” və “Panatinaikos”un kölgəsində qalan PAOK növbəti titulunu 16 il gözləyib. 2001 və 2003-cü illərdə kubok qazanmaqla bu mükafatın 4 qat qalibi olan rəqibimiz 1992 və 2014-cü ildə finaladək irəliləyib.
2010 və 2013-cü illərdə Superliqada daha iki dəfə gümüş medal qazanmağı bacaran PAOK ötən mövsüm çempionatı 5-ci pillədə başa vurub. Bunun sayəsində Avropa Liqasına yüksələn komanda ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulub. Baş məşqçi İqor Tudorun yetirmələri qrupa vəsiqə qazanana qədər Xorvatiya “Lokomotiv”i (1:2, 6:0), ardınca Slovakiya “Spartak”ı (1:0, 1:1) və Danimarka “Brondbü”sünü (5:0, 1:1) mübarizədən kənarlaşdırıb. Qrup mərhələsində isə komandanın çıxışı o qədər də uğurlu sayıla bilməz. Məsələ burasındadır ki, PAOK geridə qalan dörd oyunda "Qəbələ" kimi hələ qələbə qazana bilməyib. Üç heç-heçəyə ("Qəbələ" ilə 0:0, "Borussiya" ilə 1:1 və "Krasnodar" - 0:0) razılaşan salonikalılar Rusiya təmsilçisi ilə səfər oyununda da 1:2 hesabıyla uduzmuşdu.
Göründüyü kimi, təmsilçilərimizin hər iki rəqibi ciddi komandalardır və "Qarabağ"la "Qəbələ"nin uğur qazanması çox çətin olacaq. Qəbələlilərin rəqib meydanında hətta heç-heçə etməsi də sensasiya sayıla bilər. Baxmayaraq ki, Qriqorçukun komandasının qrupdan çıxması üçün həm PAOK-a, həm də son turda "Krasnodar"a qalib gəlməsi lazımdır. Amma "Qarabağ"dan daha çox şey gözlənilir. Qrupdan çıxmaq yolunda Qurbanovun futbolçuları "Tottenhem"lə ev oyunundan mütləq qələbə ilə ayrılmalıdırlar. Əks halda, "Qəbələ" kimi, "Qarabağ"ın da qrupdan çıxmaq şansları minimuma enə bilər.
Yeri gəlmişkən bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın təsnifat mərhələsindəki hər bir qələbəsi ölkəmizə 0.250, heç-heçə isə 0.125 reytinq xalı qazandırırdısa, qrup mərhələsində müvafiq olaraq 0.500 və 0.250 xal qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 54 ölkə arasında 26-cı pillədədir və hesabında 14.625 reytinq xalı var ki, onun da 4.125 xalı cari mövsümdə qazanılıb ("Qarabağ" - 1.750, "Qəbələ" - 1.375, "İnter" - 0.750, "Neftçi" - 0.250). Ümid edək ki, bu gün keçiriləcək oyunlarda xal ehtiyatımızı daha da yaxılaşdıra biləcəyik.
Ayrıca götürsək, "Qarabağ" 13.425 xalla klub sıralamasında Avropanın 127-ci, "Qəbələ" isə 5.175 reytinq xalı ilə 253-cü komandasıdır. Rəqiblərə gəlincə, "Tottenhem" 65.931 xalla 24-cü, PAOK da 34.320 xalla 58-cidir.
Bu gün təmsilçilərimizin yer aldığı qruplarda başqa oyunlar da baş tutacaq. "Qəbələ"nin qrupunda "Krasnodar" doğma meydanda "Borussiya"nı qəbul edəcək. "Qarabağ"ın yer aldığı qrupda isə "Anderlext" səfərdə "Monako" ilə münasibətlərinə aydınlıq gətirəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi
5-ci tur
26 noyabr
J qrupu
22:00. "Qarabağ" - "Tottenhem"
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına respublika stadionu.
C qrupu
00:05. PAOK - “Qəbələ”
Baş hakim: Yakob Kehlet (Danimarka).
Salonika. "Tumba" stadionu.