Qurban Qurbanov: Nəticə oyuna görə oldu
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində İngiltərənin "Tottenhem" klubuna qarşı keçirilmiş oyunla (0:1) bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, oyundan sonra bunları söyləyib:
"Sonuncu ev oyunumuzda uduzmaq istəməzdik. Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçulara sərgilədikləri oyuna görə təşəkkürümü bildirirəm. Onlar güclü rəqibə qarşı çox yaxşı çıxış etdilər. "Tottenhem"i isə pley-offa çıxması münasibətilə təbrik edirəm, onlara uğurlar arzulayıram.
Oyunumuzu rəqibə uyğun qurmuşduq. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Amma nəticə oyuna görə oldu.
Hələ qrupun püşkü atılanda bilirdik ki, rəqiblərimiz çox güclüdür. Buna baxmayaraq, futbolçularımız qələbəyə oynayırdılar. Mənim fikrimcə, biz sadəcə, düşündüklərimizi hər zaman yerinə yetirə bilmirik. Avroliqanın qrup mərhələsindəki 1-2 illik təcrübə yetərli deyil.
Sonuncu tur ərəfəsində yenə şansımız var. Amma qrupdan çıxmaq çox çətin olacaq. "Qarabağ"dan hər kəsin daha artığını gözləməsi yaxşıdır. İnkişaf etmək lazımdır".