Pərdis Fərcad-Azad: Biz daha böyük potensiala malikik, nəinki 7-ci yeri tutmağa
"Sumqayıt"ın hücumçusu Pərdis Fərcad-Azad Topaz Premyer Liqasının 14-cü turunun AZAL-la səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- AZAL-la oyuna necə hazırlaşmısınız?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Rəqibin kimliyinin önəmi yoxdur. Bizim hədəfimiz həmişə qalib gəlməkdir. Bu dəfə də istisna deyil.
- "Sumqayıt" son turlar yenə qələbə qazana bilmir. Baxmayaraq ki, Samir Abasovun gəlişindən sonra siz "Qarabağ"la "Xəzər Lənkəran"a qalib gəlmişdiniz...
- Qələbə qazana bilməsək də, yaxşı oyun sərgiləyirik. Bütün oyunlarda qələbəyə yaxın olmuşuq, sadəcə, bəxtimiz gətirməyib. Yəni qələbə qazana bilməməyimizin bəxtsizliklə bağlı olduğunu düşünürəm.
- Hazırda 7-ci pillədə qərarlaşmağınız sizi qane edir?
- Təbii ki, yox. İnanın ki, "Sumqayıt"ın potensialı daha böyükdür. Komandamız daha yüksək yerlərə çıxmağa qadirdir.
- Samir Abasovla Aqil Məmmədov arasında nə kimi fərqlər var?
- Mən deyərdim ki, yeni baş məşqçinin gəlişindən sonra çox şey dəyişib. Mən Samir Abasovu futbolçu kimi də yaxşı tanıyırdım. Yaxşı futbolçu olub, yığma komandada çıxış edib. Bilirdim ki, əsl peşəkardır. Baş məşqçi kimi də ürəklə çalışır, komandanın uğuru üçün əlindən gələni edir. O, bizə çox şey öyrədir.
- Bəs siz özünüz yığma komanda üçün darıxmırsınızmı?
- Çox darıxıram. Yenidən Azərbaycan yığmasının formasını geyinməyi arzulayıram. Hədəfim hər oyunda yaxşı çıxış etməkdir. Allah eləsin ki, bu, məndə yaxşı alınsın və milliyə layiq olduğumu isbatlayım.
- Tezliklə qış transfer pəncərəsi açılacaq. Başqa klublardan dəvət almamısınız?
- Hazırda mən bu barədə heç düşünmürəm də. Qarşıda bizi maraqlı oyunlar gözləyir və özümü həmin görüşlərə hazırlayıram. Mövsümü yaxşı yerdə başa vurmağımızı istəyirəm. Ondan sonrasına baxarıq.