Məhəmməd Qurbanov: Qarabağa qalib gəlməyə çalışacağıq
"Neftçi"nin hücumçusu Məhəmməd Qurbanov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "Qarabağ"la oyundan nə gözləyirsiniz?
- "Qarabağ" çox yaxşı komandadır. Oyuna ciddi hazırlaşmışıq. Biz hər oyuna uğurlu nəticə üçün çıxırıq. Ağdam klubu üzərində də qələbə qazanmağa çalışacağıq.
- Ötən tur "Neftçi" son səkkiz ildə ilk dəfə "Xəzər Lənkəran"a səfərdə qalib gəldi. Həmin oyun barədə nə deyə bilərsiniz?
- Oyun çox maraqlı və gərgin keçdi. Fikrimcə, biz Lənkəranda layiqli qələbə qazandıq. Çox şadam ki, belə bir nəticəyə imza atdıq. Bu qələbə komandamız və azarkeşlərimiz üçün çox vacib idi.
- Oyuna sonradan çıxdınız. Çıxışınızdan razı qaldınız?
- Özümü normal hiss edirəm. Öz oyunumu göstərməyə, komandama faydalı olmağa çalışdım.
- Siz komandaya Əsgər Abdullayevin təyinatından sonra qayıtdınız. Bağışlanacağınızı gözləyirdiniz?
- Əvəzedici heyətdə oynayırdım. Məşqçilər korpusu mənim oyunumla maraqlanırdı. Məni yenidən əsas heyətə qaytardıqları üçün çox şadam. Məşqlərdə öz üzərimdə daha çox çalışacağam ki, əsas heyətdəki yerimi möhkəmləndirim.
- Növbəti turlarda sizi əsas heyətdə görə bilərik?
- Heyəti baş məşqçi müəyyənləşdirir. Ona görə də bu suala cavab verə bilmərəm. Amma mən baş məşqçinin etimadını qazanmaq üçün əlimdən gələni edəcyəm.
- Əsgər Abdullayevin təyinatından sonra "Neftçi"də nə dəyişib?
- Hər bir baş məşqçinin öz iş metodikası var. Ona görə də deyə bilərəm ki, Əsgər Abdullayev komandamızda çox şeyi dəyişib.
- Klubunuzun əsas heyətində oynamadığınıza görə milliyə də dəvət almamışdınız...
- Yığmaya dəvət almaq baş məşqçi Robert Prosineçkidən asılıdır. Mənim əlimdən yalnız o gəlir ki, öz üzərimdə daha çox çalışım, klubuma kömək edim.