Aleksey Qay: Yalnız qələbəyə oynamalıyıq
Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində keçirilmiş PAOK – “Qəbələ” matçından sonra təmsilçimizin aparıcı oyunçusu Aleksey Qay azerisport.az saytına müsahibə verib:
- PAOK-la oyun haqda nə deyə bilərsən?
- "Qəbələ"nin strategiyası Avropa Liqasında daha da irəliləmək idi. Ona görə də hazırkı nəticədən razı qala bilmərik. Amma oyuna gəlincə, nəticəni yaxşı saymaq olar.
- Hava şəraiti oyununuza necə təsir etdi?
- Hava yaxşı idi. Əsas odur ki, temperatur yüksək deyildi. Qazonun yaş olması sürəti artırmışdı. Buna görə də, hava ilə bağlı problem yaşamadığımızı düşünürəm.
- PAOK-a qalib gələ bilməməyinizə səbəb nə oldu?
- Futboldur, hər şey olur. Matç başladığı kimi heç-heçə də başa çata bilərdi. Etiraf etmək lazımdır ki, qələbə qazanmaq üçün də şanslarımız var idi. Yunanıstandan qələbə ilə ayrıla bilərdik. Ancaq ələ düşən qol imkanlarından yararlana bilmədik.
- Avropa Liqasının qrup mərhələsinin son turunda "Krasnodar"la oynayacaqsınız. Bu matçla bağlı düşüncələrin necədir?
- Qrupdan çıxmaq şansımız qalmayıb. Amma biz həmişəki kimi optimist olaraq qalırıq. Düzdür, "Krasnodar"la görüşdə əldə edəcəyimiz 3 xal heç nəyi dəyişməyəcək. Amma son olaraq Avropa Liqasının qrup mərhələsində qələbə qazanmaq istəyirik.
- Həftənin birinci günü Premyer Liqada "Rəvan"a qarşı oyuna çıxacaqsınız. PAOK-la oyundan sonrakı yorğunluq "Rəvan"la matçda sizə mane olacaq?
- Əlbəttə, PAOK-la oyundan sonra komandada müəyyən yorğunluq var. Biz artıq "Rəvan"la matça hazırlaşacağıq və yalnız qələbəyə oynamalıyıq. Bunun öhdəsindən gələcəyimizə inanıram. Komandamıza inamım böyükdür.