İlqar Qurbanov: Neftçiyə məğlubiyyət dünyanın sonu deyil
"Qarabağ"ın müdafiəçisi İlqar Qurbanov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Deyəsən, "Qarabağ" Avroliqadakı "Tottenhem" məğlubiyyətindən sonra hələ özünə gələ bilməyib...
- Maraqlı oyun alındı. Biz yaxşı komandaya qarşı mübarizə aparırdıq. Bizim üçün çətin görüş oldu. Hər iki komanda yaxşı oynadı. Fikrimcə, azarkeşlərin də bəyəndiyi oyun idi.
- Bəs məğlubiyyətinizə nə səbəb oldu?
- Əlbəttə, uduzmaq istəməzdik. Çünki biz hər oyuna uğurlu nəticə qazanmaq üçün çıxırıq. Amma hərdən belə də olur. "Neftçi" standart vəziyyətdən öz qolun vurdu və qalib gəldi.
- "Qarabağ"ın oyunçuları motivasiyasız görünürdülər. Bəlkə elə buna görə uduzdunuz?
- Hər bir futbolçu meydana motivasiyalı çıxmalı, qələbəyə köklənməlidir. Ən azından ciddi hazırlaşmalıdır. Amma bu, dünyanın sonu deyil. Biz "Neftçi"yə məğlubiyyətdən dərs çıxarmalıyıq.
- İki dəfə qol vursanız da, hər ikisində ofsayd qeydə alındı...
- Birinci epizodda ofsayd var idi. Düzünü deyim ki, hələ videotəkarara baxmamışam. Bizim yaxşı hakimlərimiz var. Ola bilər ki, ikinci hissədə ofsayd var idi, ola bilər ki, yox. Bu barədə heç nə deyə bilmərəm. Bu barədə ancaq təkrara baxandan sonra nəsə demək mümkündür. Həm də təkrara baxandan sonra lap ofsayd olmasa, nə olacaq ki?
- Epizodların birində siz topdaşıyan uşağa hirsləndiniz. Orada nə baş vermişdi?
- Bəli, elə bir hal oldu. Uşaqları elə öyrətmək lazım deyil. 8-10 yaşları var, topu vermək istəmirlər. Ona görə əsəbləşdim. Fürsətdən istifadə edib demək istəyirəm ki, onlar belə etməsinlər. Yerli komandalar oynayırsa, tempin mümkün qədər yuxarı olmasına çalışmaq lazımdır.
- Sizcə, onlara belə etməyi "Neftçi" rəhbərliyi tapşırmışdı?
- Mümkündür ki, məşqçilər onlara heç nə deməsin. Dəqiq deyə bilmərəm. Amma kimin etməsindən asılı olmayaraq, bu, düzgün deyil. Belə etmək olmaz. Ona görə ki, o uşaqlar gələcəkdə özləri də futbolçu ola bilərlər.