Sergey Zenyov: Rəvana mütləq qalib gəlməliyik
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Topaz Premyer Liqasının 14-cü turunun "Rəvan"la oyunu öncəsi fikirlərini bölüşüb, eləcə də Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Yunanıstan PAOK-una qarşı keçirdikləri səfər oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yunanıstanda qələbə qazansaydıq, indi öz gücümüzə daha çox inanardıq. "Rəvan"la oyunda mütləq qələbə qazanmalıyıq. Bizim başqa variantımız yoxdur. Yunanıstandakı oyunun nəticəsini normal saymaq olar. Biz yaxşı oynasaq da, son ötürmələrdə dəqiqlik çatmırdı. Buna baxmayaraq, qol vurmaq üçün yaxşı vəziyyətlərimiz oldu. Fikrimcə, elə qol epizodlarını boşa verdiyimiz üçün qələbə qazana bilmədik. Qrupun digər oyununda "Borussiya"nın "Krasnodar"a qalib gəlməsini istəyirdik. Lakin təəssüf ki, əksinə oldu. PAOK fanatları məni təəccübləndirdi. Bir neçə il öncə onlara qarşı həmin stadionda oynamaq şansı qazanmışdım. Həmin vaxt stadion tam dolmuşdu. Azarkeşlər komandaya fantastik dəstək nümayiş etdirmişdilər. Amma bu dəfə hər şey fərqli idi. Yəqin ki, klubla azarkeşlər arasında hansısa problemlər var".