Qurban Qurbanov: UEFA-dan belə məktub almaq xoşdur
UEFA Topaz Premyer Liqasının 7-ci turunda baş tutan "İnter" - "Qarabağ" (0:2) matçında baş verən feyr-pley nümunəsinə görə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanova məktub ünvanlayıb. Azerisport.az xəbər verir ki, qitə futbol qurumu məktubda Qurbanova futbolçu Elvin Məmmədova mübahisəli penalti zərbəsini kənara vurmaq tapşırığını verməsinə görə təşəkkürünü bildirib.
Həmçinin qeyd olunur ki, baş məşqçi və futbolçunun belə hərəkət etməsi feyr-pley qaydalarının pozulmamasına sübutdur. Belə hərəkətin alqışalayiq olduğunu bildirən qurum təmsilçimizə uğurlar arzulayıb.
Qurban Qurbanov sözügedən məsələ ilə bağlı fikirlərini bölüşüb. O, saytımıza açıqlamasında bunları söyləyib:
"UEFA-nın məktubunu normal qarşıladım. Bir tərəfdən belə bir məktubu almaq xoşdur. Amma mən bunu təşəkkür almaq üçün etməmişdim. Sadəcə, oyun epizodu məni belə bir addım atmağa sövq etdi".