Pərdis Fərcad-Azad: Neftçi kimi klubun təklifini məmnuniyyətlə qəbul edərdim
"Sumqayıt"ın hücumçusu Pərdis Fərcad-Azad Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:2 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Təəssüf ki, bizim bu görüşdə bəxtimiz gətirmədi. Son saniyələrdə qapımıza penalti təyin olundu. Ümumiyyətlə, bu il bəxtimiz gətirmir. Əksər oyunlarda uğur bizdən üz döndərir. Amma bu oyunda hakim penalti təyin etməklə düzgün qərar verdi. Buna görə hakimləri günahlandıra bilmərik".
Pərdis növbəti turda qarşılaşacaqları "İnter"lə görüşə də toxunub: "İnter" güclü rəqibdir. Bizə çətin olacaq. Amma ümid edirəm ki, biz uğurlu nəticəyə imza ata biləcəyik".
Futbolçu həmçinin "Neftçi"yə mümkün keçidi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Əlbəttə, belə bir klubun təklifini məmnuniyyətlə qəbul edərdim. Amma mənə belə bir təklif gəlməyib".