Səlahət Ağayev: İnterdən getməsəm də, bu barədə düşünəcəyəm
"İnter"in qapıçısı Səlahət Ağayev Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Hər şeydən öncə "Günəşli" platformasında faciəli şəkildə dünyasını dəyişən neftçilərimizlə bağlı başsağlığı vermək istəyərdim. Allahdan onların ailələrinə səbr diləyirəm. Oyuna gəlincə, "Qarabağ"ın gücü hamıya bəllidir. Biz indiki vəziyyətdə də bu komanda ilə baş-başa mübarizə apardıq. Şanslarımız da oldu. İstənilən halda, "Qarabağ"a məğlubiyyəti faciə hesab etmirəm.
- Siz bu görüşdə bir neçə dəfə topu saxlaya bilmədiniz, səhvlərə yol verdiniz. Bu nə ilə bağlı idi?
- Səhvlər olur, bu futboldur. Mən də komanda yoldaşlarım kimi əlimdən gələni etməyə çalışdım.
- Yerli qapıçılar arasında fərqlənirsiniz. Amma problemlərə baxmayaraq, "İnter"dən ayrılmırsınız. Bunun hansısa xüsusi səbəbi var?
- Yayda bir neçə klubdan təklif almışdım. Böyük futbola "İnter"lə gəlmişəm. Klubun yaxşı dövrlərində məhz burada oynamışam. İndi çətin günlərini yaşadığına görə ata bilməzdim.
- UEFA "İnter"lə bağlı araşdırmalara başlayacaq. Bundan xəbəriniz var?
- Bilirəm, mətbuatda oxumuşam. Klubumuza yanvarın sonunadək vaxt verilib. Allah eləsin ki, hər şey yaxşı olsun.
- Rəhbərlik sizə nə söz verib?
- Yaxın zamanlarda bütün problemlərin düzələcəyini söyləyiblər.
- Maliyyə problemlərinə baxmayaraq, "İnter" çempionluq iddiasından da çəkinmir...
- "İnter" maliyyə problemi oldu, olmadı, həmişə iddialı olub. Hətta komandanın hansı heyətlə mübarizə aparmasının da buna ciddi təsiri olmur. Bundan sonra da belə olacaq.
- Oyunlara necə köklənirsiniz?
- Bu asan olmur. Əvvəlki mövsümlərlə müqayisədə indi maddi vəziyyət çox aşağıdır. Ancaq maaşa oynayırıq. Yalnız məşqçi, futbolçu və texniki korpus var. Komandanı heç kim dəstəkləmir.
- Təklif olsa, yanvarda gedəcəksiniz?
- Demirəm, gedəcəyəm. Amma düşünəcəyəm. Mənim üçün "İnter" ilk pillədədir.