Adil Nağıyev: Qarabağla oyuna 3 xal üçün çıxacağıq
"Zirə"nin müdafiəçisi Adil Nağıyev Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"la oyuna yaxşı hazırlaşmışıq. Oyuna üç xal üçün çıxacağıq. Bu mövsüm evdə uduzmamışıq. Bu seriyanı davam etdirmək istəyirik. "Qarabağ"ın futbolçularının "Anderlext"lə Avroliqa matçından sonra yorğun olacağını, bunun bizə kömək edəcəyini düşünmürəm. Çünki bu klubun geniş ehtiyat oyunçular skamyası var. Ağdam təmsilçisinin istənilən futbolçusu meydana çıxıb, matçın taleyini həll edəcək gücdədir.
"Qarabağ"a ilk dövrədə uduzmuşduq. Həmin matçda zədə səbəbindən oynamamışdım. Biz bütün qolları standart vəziyyətlərdən buraxmışdıq. Bu dəfə daha diqqətli olmağa çalışacağıq. Əsas rəqiblərimizdən "İnter" və "Kəpəz" bu tur xal itirib. İndi biz bu komandalarla xal fərqimizi artırmaq istəyirik. "Zirə"nin ikinci olmaq şansı var. Bunun üçün isə "Neftçi" "Qəbələ"yə qalib gəlməlidir. Allah eləsin ki, elə də olsun".