Yovan Krneta: Zirənin fiziki hazırlıqla bağlı problemi yoxdur
"Zirə"nin serbiyalı müdafiəçisi Yovan Krneta Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Matçla bağlı nə deyə bilərsiniz?
- Fikrimcə, biz yaxşı oynadıq. Baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Etiraf etmək lazımdır ki, "Qarabağ" çox güclüdür və onlara qarşı oynamaq çətindir.
- Əsas rəqibləriniz - "İnter"lə "Qəbələ" də bu turda xal itirdi. Bu, sizə "Qarabağ"la görüş öncəsi əlavə motivasiya qazandırmamışdı?
- Əlbəttə, bu da bir stimul idi. Biz digər oyunların nəticələri ilə həmişə maraqlanırıq, turnir cədvəlini izləyirik. Amma istənilən halda biz hər oyuna 3 xal qazanmaq üçün çıxırıq.
- Təqvimə əsasən, qarşıdakı bir həftə içində iki oyun keçirməlisiniz. "Qəbələ" və AZAL-la oyunlardan nə gözləyirsiniz?
- Fiziki baxımdan hazırıq. Hər bir oyunda bu baxımdan problemimizin olmadığını isbatlamışıq. Fikrimcə, qarşıdakı oyunlarda da problem olmaz.
- Komandanızın cari mövsümkü çıxışını necə qiymətləndirərdiniz?
- Biz geridə qalan oyunları yox, bundan sonrakı görüşləri düşünməliyik. Fikrimcə, mənim kimi, digər komanda yoldaşlarım da hətta qış fasiləsi zamanı sonrakı dövrələrdə necə yaxşı çıxış etmək barədə düşünəcək.
- Hər oyunda 90 dəqiqə meydanda olursunuz. Başqa klublardan təklif var?
- Bu barədə heç nə deyə bilmərəm. Çünki birbaşa özümlə əlaqə saxlayan olmayıb. Mümkündür ki, "Zirə"nin indi turnir cədvəlində üst pillələrdə qərarlaşmasını heç kim gözləmirdi. Mən də komandamın hər bir oyununda öz köməyimi göstərməyə çalışıram. Hazırda "Zirə"də çox xoşbəxtəm.