Samir Abasov: Qarabağla heç-heçə mənim üçün qələbəyə bərabərdir
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Əks hücumlara güvənmişdik, başqa cür oynaya da bilməzdik. Görüşdən öncə deyirdilər ki, “Qarabağ”la matçda təzyiq etsək, rahat olar. Amma biz bundan öncə “İnter”ə qarşı ağır oyun keçirmişdik, bizim üçün çətinlik yaranardı. 20 dekabrda fasilə yaranmasına baxmayaraq, bir neçə oyunçumuz hələ də tam hazır deyil. Çünki bəzi futbolçular bizə gec qoşulublar. Bütün bu problemlərə baxmayaraq, oyun sona qədər istədiyimiz kimi gedirdi. Amma son dəqiqələrdə buraxılan qol bizi qələbəsiz qoydu. Amma “Qarabağ”la oyunda qeydə alınan heç-heçə mənim üçün qələbəyə bərabərdir”.