Nicat Qurbanov: Ümid edirəm ki, 2016-cı ilə 2-ci pillədə başlayacağıq
"Zirə"nin yarımmüdafiəçisi Nicat Qurbanov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyun çətin keçdi. "Qəbələ" ilə oyunlar həmişə ağır olur. Rəqib son dövrlər uğursuz çıxış etsə də, biz bu görüşdə çətinliklə üzləşdik. Amma matça yaxşı köklənmişdik. Lazım olan üç xalı qazana bildik. Vurduğum qol barədə isə çox danışmaq istəməzdim. Əsas odur ki, bu qol komandamıza qələbə gətirdi. Bu uğura mən tək yox, komandamızla birgə imza atdıq. Hər bir komanda yoldaşıma təşəkkürümü bildirirəm".
Qurbanovun sözlərinə görə, "Zirə" qış fasiləsinə ikinci pillədə yollanmaqda israrlıdır: "Bunun üçün ilin son oyununda AZAL-a qarşı yaxşı oynamalıyıq. Həmin oyun da çətin olacaq. Çünki bu komanda son dövrlər çox yaxşı futbol sərgiləyir. Bizim üçün isə hər bir oyun finala bərabərdir. Çox ümid edirəm ki, AZAL-a qalib gələcəyik və 2016-cı ilə ikinci pillədə başlayacağıq".