Qurban Qurbanov: Heç-heçə etsək də, futbolçuların çıxışından razıyam
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Hələ "Sumqayıt"la oyundan (2:2) sonra demişdim ki, futbolçularımın çıxışından razıyam. Onların bu gün sərgilədiyi oyundan daha çox razı qaldım. Hətta heç-heçə etsək də. Temp bütün oyun ərzində düşmədi, futbolçular 90 dəqiqə döyüşdülər. Hər iki komanda qələbə qazanmağı, ili müsbət nəticə ilə başa vurmağı çox istəyirdi. İstənilən halda həm biz, həm də "Qəbələ" istirahətə layiqdir. Bizim üçün ağır mövsüm oldu. Həm özümüzə, həm də rəqibimizə uğurlar arzulayıram".
Qurbanov 2015-ci ili özləri üçün belə dəyərləndirib: "İl bizim üçün uğurlu alındı. Həm çempionatın qızıl medallarını qazandıq, həm də kubokun. Yenə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. İndi də birinci yerdə gedirik. Hər il olduğu kimi, bu mösüm də çempionatımızın səviyyəsinin endiyi iddia olunur. Amma gördüyünüz kimi, hər bir rəqibə qarşı oynamaq çox çətin olur".