Roman Qriqorçuk: Penalti qol olsaydı, bizə çox köməyi dəyəcəkdi
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Meydanda plan üzrə hərəkət etdik. Erkən qol həmişə lazımdır. Bu oyunda isə ona daha çox ehtiyacımız var idi. Çünki son dövrlər qol vurmaqda çox çətinlik çəkirik. Yaxşı ki, qol vurduq. Amma matçın gedişində növbəti qolları vurmağı düşünsək də, bu istəyimizə çata bilmədik. Fikrimcə, rəqibə oyuna nəzarət etməyə çox imkan verdik. Baxmayaraq ki, bu, təkcə bizim imkan verməyimizdən asılı deyildi, sadəcə, "Qarabağ" özü bunu çox yaxşı bacarır. Penaltidən qol vurmaq üçün də yaxşı şans əldə etdik. Məncə, həmin penaltini qola çevirsəydik, bunun bizə çox köməyi dəyəcəkdi. Amma alınmadı. Oyunçulara heç bir iradım yoxdur. Əksinə, onlara belə çətin mövsümə, göstərdikləri xarakterə görə təşəkkürümü bildirirəm. Onların bizə gələcəkdə də çox köməyi dəyəcək.
2015-ci ildəki çıxışımıza gəlincə, biz bu il çox böyük iş gördük. Bunu uğur adlandırmaq olar. Təəssüf ki, ilin sonunda bir qədər sabit çıxış etmək mümkün olmadı. Bütün bunlar bizə üzərində çalışmaq üçün material verir. Bu, gələcək uğurların qazanılmasında bizə yardımçı olacaq".