Laşa Salukvadze: İli ilk üçlükdə başa vursaq, yaxşı nəticə olacaq
"İnter"in müdafiəçisi Laşa Salukvadze Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Xəzər Lənkəran"ın oyununu görməmişəm. Onların son dövrlər məğlub olması, gənclərin ümidinə qalması bizim yüz faiz qələbə qazanacağımızdan xəbər vermir. Asan oyun olmur. Qələbə qazanmaq üçün çox yaxşı hazırlaşmağımız lazımdır. İli ilk üçlükdə başa vursaq, bunu yaxşı nəticə saymaq olar".
Salukvadze UEFA-nın məlum sanksiyası barədə də fikirlərini bölüşüb: "Əlbəttə, "İnter" borcları ödəməsə, ciddi cəza alacaq. Bu, çox pis olacaq. Özü də təkcə "İnter" yox, bütövlükdə Azərbaycan futbolu üçün. Çünki "İnter" hər il avrokuboklarda oynayır və müəyyən təcrübəsi var. Bu, çempionata da təsir edir. Cəza qüvvədə qalsa, Premyer Liqa artıq əvvəlki kimi olmayacaq. Mübarizə ancaq "Qarabağ"la "İnter" arasında gedəcək. Bir sözlə, "İnter"in iddiası qalmayacaq və Premyer Liqa zəifləyəcək".