Cavid Tağıyev: Qəbələ ilə oyunda var gücümüzü sərf etsək də, alınmadı
"Qarabağ"ın yarımmüdafiəçisi Cavid Tağıyev Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Heç-heçə sizi qane etdi?
- Oyun çətin keçdi. "Qəbələ" də bizim kimi qələbə qazanmaq istəyirdi. Hədəfimiz yalnız üç xal qazanmaq idi. Amma bütün cəhdlərimizə baxmayaraq, buna nail ola bilmədik. Deməli, belə də olmalı imiş.
- "Qarabağ" "Qəbələ" ilə oyunda çox güc sərf etmək istəmədi?
- Xeyr, mən belə deməzdim. Biz bütün gücümüzü sərf etdik. Qələbə qazanmaq istəyirdik. Sadəcə, qol epizodlarından yararlana bilmədik.
- Amma meydandakı oyun elə təsir bağışlayırdı ki, sanki "Qəbələ" qələbəni sizdən çox istəyirdi...
- Ola bilsin ki, kənardan elə görünürdü. Amma təkrar edirəm ki, biz də qələbə üçün meydana çıxmışdıq. Hər iki komanda yaxşı oynadı. Bizim çoxlu qol epizodumuz oldu. Rəqib də penaltidən yararlana bilmədi.
- "Qarabağ" "Zirə", "Sumqayıt" və "Qəbələ" ilə heç-heçə oynadı. Komandanız niyə bu oyunlarda qələbə qazana bilmədi?
- Ola bilsin ki, yorğunluqdandır. Qara zolağa düşməyimiz də istisna deyi. Amma arxayınlaşdığımız üçün xal itirdiyimizi deməzdim.
- Sizə elə gəlmir ki, meydana sonradan çıxanda oyununuz çox yaxşı alınmır? Amma start heyətdə oynayanda daha effektli olur...
- Bunu ilk dəfə sizdən eşidirəm. Start heyətdə meydana çıxmağıma ancaq sevinə bilərəm. Amma buna baş məşqçi qərar verir. Mən onun istənilən tapşırığını yerinə yetirməyə hazıram.
- Dodo penaltini vuranda, İbrahim Şehiçin zərbəni dəf edəcəyini gözləyirdiniz?
- Etiraf edim ki, qapımıza penalti təyin olunanda hesabın 0:2 olacağını düşünürəm. Amma Şehiç zərbəni dəf edəndə çox sevindim. Sağ olsun. Başa düşürəm ki, hesab 0:2 olarkən xal qazanmağımız daha çətin olacaqdı. Amma bunun üçün kifayət qədər vaxtımız qalırdı.