Xuan Alberto Melli: Altı oyunda bir məğlubiyyət normaldır
"Neftçi"nin müdafiəçisi Xuan Alberto Melli Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- İlin son matçı barədə nə deyə bilərsiniz?
- İki fərqli hissə gördük. Birinci hissədə biz oyuna nəzarət edə bilmirdik. Buna görə də əsəbiləşirdik. Bu izah etmək belə çətindir.
- Niyə?
- Bilmirəm. Sadəcə, oyunumuz alınmırdı. Amma fasilədən sonra oyuna nəzarəti ələ keçirdik. Topa daha çox sahib olurduq. Öncə hesabı bərabərləşdirdik. Daha sonra isə növbəti qolu vurmaq üçün şans axtarmağa başladıq.
- Sizcə, iki xal itirdiniz?
- Heç-heçədən narazıyam. Qələbə qazanmalı idi. İki xal itkisi istirahət öncəsi əhval-ruhiyyəmizə təsir edəcək. Digər tərəfdən, Gəncədə oynadığımızı nəzərə alsaq, bu heç-heçəni normal nəticə saymaq da olar. Burada bütün komandalar xal itirirlər.
- "Neftçi"nin son nəticələrini necə qiymətləndirərdiniz?
- Altı oyunda bir məğlubiyyət normaldır. Ümid edirəm ki, yanvar toplanışından sonra daha yaxşı çıxış edəcəyik.
- Bu oyun Əsgər Abdullayevin komandanızın baş məşqçi postundakı sonuncu görüş ola bilər...
- Futbolçular baş məşqçi təyinatı məsələsinə qarışmamalıdırlar. Biz onunla altı oyunda 11 xal topladıq. Abdullayev döyüşkən komanda formalaşdırmağı bacardı. Amma onu komandada saxlamağa mən qərar vermirəm. Rəhbərlik necə qərar versə, elə də olacaq.