Yaşar Seyidov: Rövnəq Abdullayevin Bakıya kömək edəcəyinə inanırıq
“Bakı” klubu AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edib. Bu barədə azərisport.az saytına paytaxt klubunun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.
Yaşar Seyidov bildirib ki, 8 ildir Azərbaycan futboluna xidmət edən “Bakı” klubunun akademiyası hazırda maddi çətinliklər yaşayır: “Bakı” futbol klubu ölkə futbolu adına, Azərbaycanın beynəlxalq arenada yüksək səviyyəsində təmsil olunması üçün xeyli oyunçu yetişdirib. Bu gün futbolumuzda müəyyən maliyyə çətinlikləri var. “Bakı” klubu da bu prosesdən kənarda qalmır. Akademiyanın yetirmələrinin məşq etməsində, qidalanmasında, çempionat oyunlarında iştirakında maddi vəsaitə ehtiyac duyuruq. Uzun müddətdir ki, bütün bu çətinliklərə sinə gəlirik. Amma son zamanlar vəziyyət həddən artıq çətinləşib. Ona görə də AFFA prezidenti Rövnəq Abdullayevə müraciət etmək qərarına gəldik. Çətinliklərlə əlaqədar olaraq AFFA prezidentinin bizə yardım edəcəyinə inanırıq. Hazırda bu vəziyyətdən çıxmalıyıq. Ölkə başçımız kimi, AFFA prezidenti də futbolumuzun inkişaf etməsini istəyir. Bu günə kimi Rövnəq Abdullayev daim Azərbaycan futbolunun inkişafı üçün böyük işlər görüb. “Bakı” da daim Azərbaycan futboluna xidmət edib. Klubumuzun Azərbaycan futboluna verdiyi töhfələri unutmaq olmaz. Xatırlayırsınızsa, 2012-ci ildə ölkəmizdə keçirilən qadınlar arasında dünya çempionatın Azərbaycanda baş tutmasında məhz “Bakı”nın az rolu olmayıb. İştirakçı komandaların hamısı çempionat zamanı “Bakı”nın bazasında məşq ediblər. İştirakçı komandaların hər biri istər yarış zamanı, istərsə də öz ölkələrində olarkən “Bakı”nın bazasından, klubumuzun infrastrukturundan ağızdolusu danışıblar. AFFA prezidenti Rövnəq Abdullayevin “Bakı” klubunun akademiyasındakı çətinlikləri şəxsi nəzarətə götürəcəyinə və akademiyanın fəaliyyətinin davam etməsi ilə əlaqədar müvafiq tapşırıq və göstərişlərini verəcəyinə inanıram”.