Azərbaycan Niderlanda rəqib oldu
Bu gün Serbiyanın paytaxtı Belqradda dünya çempionatının pley-off oyunlarında üz-üzə gələcək komandalar üçün püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, 14 komanda arasında Azərbaycan yığması da vardı.
Azərbaycan pley-offdakı rəqibinə qalib gələcəyi halda tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak etmək hüququ qazanacaq. Yığmamızdan başqa Ukrayna, Macarıstan, Belarus, Rusiya, Serbiya, İspaniya, Hollandiya, Qazaxıstan, Sloveniya, Portuqaliya, Polşa, İtaliya və Slovakiya da pley-offdakı rəqibini gözləyirdi.
Püşkatma zamanı əsas mərhələdə qrup qalibi olan komandalar ikinci yeri tutan komandalarla qarşılaşacaqdılar. Həmin vaxt eyni qrupda yer almış kollektivlər bu dəfə bir-birinə rəqib ola bilməyəcəkdilər.
Püşk nəticəsində Azərbaycan Niderland ilə düşüb.
Digər pley-off cütlükləri isə aşağıdakı kimidir: Sloveniya - İspaniya, Slovakiya - Ukrayna, Polşa - Qazaxıstan, Serbiya - Portuqaliya, Belarus - Rusiya, Macarıstan - İtaliya.
Pley-off mərhələsinin oyunlarının martın 22-də və aprelin 12-də keçirilməsi nəzərdə tutulub. 7 qalib komanda bu il sentyabrın 14-də Kolumbiyada start götürəcək dünya çempionatında Avropanı təmsil etmək hüququ qazanacaq.