Vüqar Nadirov: İnterdə məhz belə hücumçu çatışmır
"İnter"in hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Qış fasiləsindən sonra iki məğlubiyyətin ardından "İnter"də atmosfer necədir?
- Hər kəs vəziyyəti yaxşılaşdırmağa köklənib. Fikrimcə, zaman keçdikcə nəticələrimiz də yaxşıya doğru dəyişəcək. Çünki pis oynamırıq. Matç ərzində azı 4-5 real qol vəziyyəti yaradırıq. Sadəcə, onları reallaşdırmaq müşkülə çevrilib. Bunu da yoluna qoysaq, nəticə qazanacağıq.
- Rauf Əliyevin qısa müddətdə sıraya dönə bilməyəcəyini nəzərə alsaq, qolları kim vuracaq?
- İndi bizdə məhz ikinci mərtəbədə yaxşı mübarizə apara bilən, pressinqlə rəqib müdafiəsini gərginlikdə saxlaya biləcək hücumçu çatışmır. Əliyevin bu cür keyfiyyətləri var. Hazırda məcburiyyətdən Sezar Meza Kolli onun mövqeyində çıxış edir. O da yaxşı futbolçudur. Amma orta sahədə komandamıza daha çox köməyi dəyə bilər.
- Bəs Qara Qarayev?
- Fikrimcə, onu daha çox perspektiv üçün komandaya cəlb ediblər. Gəncdir, yaxşı gələcəyi var.
- Komandada maliyyə problemi var?
- Klub rəhbərliyi bizim üçün yaxşı şərait yaratmaq üçün əlindən gələni edir. Klub prezidenti Rəşad Qasımov da bizimlə tez-tez söhbətləşir.
- Qış fasiləsindən sonrakı məğlubiyyətlərinizi sizin üçün sərfəli olmayan təqvimlə əlaqələndirmək olar?
- "Zirə" və "Qəbələ" ciddi komandalardır. Amma biz istənilən halda xal və xallar qazana bilərdik. Bu, səbəb sayılmamalıdır. "Qəbələ" vurduğu qoldan başqa qapımız qarşısında heç bir təhlükəli vəziyyət yarada bilmədi.
- "İnter"i avrokuboklardan kənarda qalmaq təhlükəsi gözləyir. Bəs bu sizin oyunlara köklənməyinizə nə dərəcədə mane ola bilər?
- Biz bu barədə ümumiyyətlə, düşünmürük. Öncə avrokuboklara vəsiqəni təmin etmək lazımdır. Bəs klubumuzu avrokuboklara buraxsalar, biz özümüz buna nail ola bilməsək, onda necə olacaq? Onda daha üzücü olar.
- Qarşıdakı AZAL-la oyundan nə gözləyirsiniz?
- Rəqib komandanın güclü müdafiə xətti var. Kompakt oyun sərgiləyirlər. Buna baxmayaraq, biz onlara qalib gəlməyə qadirik. Bu oyunda qələbə bizə çox lazımdır. Fikrimcə, bir qələbə bizim işlərimizin yoluna düşməsinə kömək edəcək.
- Sizə elə gəlmir ki, komandanızın uğursuz çıxışı yığmamızın baş məşqçisi Robert Prosineçkinin "İnter"li futbolçulardan üz döndərməsinə səbəb ola bilər?
- Ümid edirəm ki, bu, baş verməz. Həm də biz hər oyunda uduzmayacağıq ki. Şəxsən mən yığma komandada oynamağa həmişə hazıram.