Topaz Premyer Liqasında 21-ci tur həyəcanı
Bu gün Topaz Premyer Liqasında 21-ci tura start veriləcək. Azerisport.az xəbər verir ki, hesabat turunun oyunları üç gün ərzində keçiriləcək.
Turun açılış qarşılaşması iki paytaxt təmsilçisi AZAL və “İnter” arasında baş tutacaq. Əvvəlki 28 oyunda "İnter"in böyük üstünlüyü var - 11 qələbə. 12 dəfə "sülh"ə razılaşan bakılıların duellərində AZAL cəmi 5 dəfə 3 xala sevinib. Top fərqi də "İnter"in xeyrinədir - 27:20. “İnter” bu rəqibinə ardıcıl son 3 matçda qol buraxmadan qalib gəlib. AZAL son 9 oyunda qələbə qazana bilməyib. “İnter” ardıcıl 10 matçdır meydanı qolsuz tərk etmir. Cari mövsüm baş tutan görüşlərin birincisində bu komanda səfərdə 1:0 hesabıyla qalib gəlmişdisə, doğma meydanda 2:0 hesablı qələbəyə sevinmişdi. Elə bu dəfə də Zaur Svanadzenin komandasını favorit saymaq olar. Baxmayaraq ki, "İnter" qış fasiləsindən sonra keçirdiyi iki qarşılaşmanı məğlub başa vurub. Amma məhz bu üzdən qonaqların Şüvəlanda 3 xal üçün bütün gücünü meydanda qoyacağı şübhəsizdir. Qış fasiləsindən sonra "Qarabağ"a qalib gəlməklə böyük sensasiyaya imza atan, son turda "Kəpəz"ə uduzan Tərlan Əhmədovun yetirmələri də "İnter"lə görüşlərdəki son uğursuzluqları unutdurmaq üçün əlindən gələni edəcək.
İlk oyun gününün digər görüşü də derbi qarşılaşması sayıla bilər. Belə ki, "Neftçi" növbəti "Böyük oyun"da "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirəcək. əzəli rəqiblər indiyə qədər 35 dəfə üz-üzə gəliblər ki, onların daha çoxu (15 oyun) heç-heçə bitib. 13 dəfə “Neftçi” qalib gəlibsə, “Xəzər Lənkəran” cəmi 7 qarşılaşmada 3 xala sevinib. Top fərqində də bakılılar öndədirlər - 39:29. “Neftçi” 10 oyundur rəqibinə uduzmur. Paytaxt klubu son 9 qarşılaşmada meydanı qolsuz tərk etmir. “Xəzər Lənkəran” son 13 səfər matçında qalib gələ bilməyib. Bu mövsüm Bakıda baş tutan ilk "Böyük oyun"da qalib müəyyənləşməmişdi - 1:1. Amma "ağ-qaralar" Lənkəranda keçirilən oyundan 2:0 hesablı qələbə ilə qayıda bilmişdilər. Elə bu dəfə də Əsgər Abdullayevin komandası favoritdir. Ciddi maddi və kadr problemləri olan cənub klubunun iddialı və prinsipial rəqibinə səfərdə problem yaratması inandırıcı görünmür.
İkinci oyun günündə də iki görüş baş tutacaq. Əvvəlcə lider "Qarabağ" səfərdə "Kəpəz"in qonağı olacaq. Bu, komandaların yubiley – 40-cı matçı olacaq. Əvvəlki 39 oyundan 14-də “Kəpəz”, 17-də isə “Qarabağ” qalib gəlib. Yerdə qalan 8 görüşdə qalibi müəyyənləşdirmək mümkün olmayıb. Amma top fərqində gəncəlilər öndədirlər - 51:50. “Kəpəz” 14 oyundur qələbə qazanmır. “Qarabağ” son 9 qarşılaşmada rəqibinə cəmi 1 xal verib. Ağdamlılar son 3 qarşılaşmada 3 qol vurub. Qurban Qurbanovun komandası cari mövsüm səfərdə 3:2, ev oyununda isə 3:0 hesablı qələbəyə sevinib. Amma ağdamlılar üçün bu dəfəki səfərin asan olmayacağı dəqiqdir. Çünki Şahin Diniyevli "Kəpəz" qış fasiləsindən sonra iki inamlı qələbə qazanıb və "Qarabağ"la oyunlardakı uğursuz gedişata son qoymaq üçün də əlindən gələni edəcək.
Günün digər qarşılaşması Qəbələdə eyniadlı komanda ilə "Sumqayıt" arasında keçiriləcək. Əvvəlki 14 oyunda qəbələlilərin aşkar üstünlüyü var - 11 qələbə. Cəmi 1 görüşdə sumqayıtlılara uduzan bölgə təmsilçisi 2 görüşdə də heç-heçəyə razılaşıb. Top fərqində də oxşar durum var - 30:10. “Qəbələ” əvvəlki 14 matçın hamısında qol sevinci yaşayıb. “Sumqayıt” 9 oyundur qalib gələ bilmir. "Qəbələ" öz meydanında heç vaxt xal itirməyib. Bütün bunları, eləcə də komandaların indiki durumlarını nəzərə alsaq, yenə də sensasiya qeydə alınmayacağını söyləmək olar. Amma Samir Abasovlu "Sumqayıt"ın son oyunlardakı uğursuz gedişata son qoymaq üçün əlindən gələni edəcəyi gözləniləndi. İlk iki dövrədə baş tutan görüşlərə gəlincə, "Qəbələ" doğma meydanda 1:0 hesabıyla qalib gəlmişdisə, Sumqayıtdakı qarşılaşma 2:2 hesabıyla bitmişdi.
21-ci tura bazar ertəsi "Zirə" - "Rəvan" görüşü ilə yekun vurulacaq. Paytaxt klubları 3-cü dəfə üz-üzə gəlirlər. Komandalar əvvəlki oyunlarda öz meydanlarında qalib gəlib. Hər iki matçda minimal fərq qeydə alınıb. "Zirə" 2:1, "Rəvan" isə 1:0 hesablı qələbəyə sevinib. Bu tendensiyanı nəzərə alsaq, növbəti görüşdə "Zirə"nin qalib gələcəyini söyləmək olar. Bu, Adil Şükürovun komandasının ikinci pillədəki mövqeyini qoruması baxımından çox vacibdir. Lakin Bəhmən Həsənovun "aslanlar"ı da son pillədən yaxa qurtarmaq üçün hər şansdan yararlanmağa çalışırlar. Bu üzdən də paytaxt derbisində hansı nəticənin qeydə alınacağı maraqla gözlənilir.
Topaz Premyer Liqası
21-ci tur
13 fevral (şənbə)
14:30. AZAL - “İnter”
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Coşqun Həsənov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. "AZAL Arena".
17:00. “Neftçi” - “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Nail Nağıyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “Bakcell Arena”.
14 fevral (bazar)
15:00. “Kəpəz” - “Qarabağ”
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
Gəncə şəhər stadionu.
17:30. “Qəbələ” - “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Qəbələ şəhər stadionu.
15 fevral (bazar ertəsi)
18:30. “Zirə” - “Rəvan”
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Murad Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.
1 | Qarabağ | 20 | 12 | 5 | 3 | 31-13 | 41 |
2 | Zirə | 20 | 9 | 8 | 3 | 20-14 | 35 |
3 | Kəpəz | 20 | 8 | 8 | 4 | 24-17 | 32 |
4 | Qəbələ | 20 | 8 | 7 | 5 | 25-16 | 31 |
5 | İnter | 20 | 8 | 6 | 6 | 19-15 | 30 |
6 | Neftçi | 20 | 7 | 7 | 6 | 21-19 | 28 |
7 | AZAL | 20 | 7 | 4 | 9 | 12-19 | 25 |
8 | Sumqayıt | 20 | 3 | 9 | 8 | 23-31 | 18 |
9 | Xəzər Lənkəran | 20 | 3 | 4 | 12 | 10-27 | 13 |
10 | Rəvan | 20 | 2 | 8 | 10 | 13-27 | 8 |
Bombardirlər:
8 - Riçard Almeyda ("Qarabağ").
7 - Ruslan Qurbanov ("Neftçi").
6 - Amil Yunanov ("Sumqayıt"), Aleksey Antonov ("Qəbələ").