Amit Quluzadə: Qış fasiləsi zamanı Avropa klublarının birindən gülməli təklif almışdım
"Sumqayıt"ın yarımmüdafiəçisi Amit Quluzadə bəyan edib ki, ona qış fasiləsində başqa klublardan da təklif var imiş. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qış fasiləsi zamanı gülməli bir təklif almışdım. Mənə dəvət göndərən klubun hansı ölkəni təmsil etdiyini heç kim təxmin edə bilməz (gülür). Bu komanda Avropanı təmsil edir. Amma mən bu təklifdən imtina etdim, bildirdim ki, klubumla mövsümün sonunadək müqaviləm var".
Quluzadə komandasının qış fasiləsindən sonrakı uğursuz çıxışından da söz açıb: "Neftçi" və "Zirə"yə məğlub olduğumuz görüşlərdə öz oyunumuzu göstərə bilmədik. "Zirə" ilə görüşdə üstünlük bizim tərəfimizdə idi. Sadəcə, bəxtimiz gətirmədi. Samir Abasov həmişə deyir ki, daha yaxşı oynamaq lazımdır. Hər şeyin itirildiyini düşünmürəm. Uğursuz gedişata son qoyacağıq. Ola bilsin ki, dekabr ayındakı uğurlu oyunlar bizdə arxayınlığa səbəb olub".