Kaka: Axundovun siyahısında olmaqdan qürur duyaram
Futzal üzrə Azərbaycan yığmasının sabiq üzvü, hazırda Rusiyanın "Qazprom-Yuqra" klubunun baş məşqçisi olan Kaka azerisport.az saytının suallarını cavablandırıb.
- Məşqçi kimi UEFA Kubokunu qazandıqdan sonra nə kimi emosiyalar hiss edirsiniz?
- Bu, zirvədir. Dünyanın futzal üzrə ən nüfuzlu klub turnirini qazandıq. Çox gözəl hisslər yaşadım.
- Azərbaycanda çıxış edərkən heç düşünürdünüz ki, nə vaxtsa sizin də komandanız olacaq və onu Avropanın ən yaxşısı edəcəksiniz?
- Mənim oyunçu karyeramın böyük hissəsi Rusiyada keçib. Bu ölkə mənə öz evim kimidi. Hətta Azərbaycana gələndən sonra, yığma komandanın heyətində Rusiya millisinə qarşı oynayarkən də bu ölkəyə qayıtmaq və öz fəaliyyətimi burada davam etdirmək fikrim var idi.
- Azərbaycan futzalını izləyirsiniz?
- Əlbəttə, izləyirəm. Mənim orada çoxlu dostum var. Birgə oynadığım uşaqlarla indi də yazışırıq. Nəticələri daim izləyirəm. Azərbaycan mənim məşqçilik karyerama başladığım ölkədir.
- Tino Peresin yığmamızın baş məşqçi postundan gedişini necə qarşıladınız?
- İspaniyalı mütəxəssis Azərbaycanı ilk dəfə dünya çempionatının final mərhələsinə çıxarandan sonra heç təsəvvürümə də gətirə bilməzdim ki, o, yığmadan ayrılar. Çünki belə halla üzləşməmişəm. Yəqin ki, tərəflər hansısa şəxsi məsələlərdə razılığa gələ bilməyiblər. Bu da həlledici olub.
- Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov bəyan edib ki, millimizi çalışdırmağa 4-5 namizəd var. Siz də həmin siyahıda ola bilərsiniz?
- (gülür) Zaur Axundovun siyahısında olmaqdan qürur duyaram. Öncədən qeyd edim ki, mən heç kimlə bu barədə heç bir söhbət aparmamışam. Mənim Avropanın ən yaxşı klubu ilə müqaviləm var. Axundova da hörmətim var. Ümid edirəm ki, o, Azərbaycan yığmasını yeni səviyyəyə çıxara biləcək məşqçi tapacaq.
- Bəs Axundov tezliklə sizə zəng etsə, onda necə?
- Öncə on, "salam" deyərəm (gülür). Danışarıq. Mənə onunla söhbətləşmək xoş olar.
- Sizin qərarınız təklifdən asılı ola bilərmi?
- Bu barədə sizə dəqiq heç nə deyə bilmərəm. Hazırda bu barədə sizin sualınızdan başqa heç bir mövzu yoxdur.