"Mənim əsas hədəfim 2-3 ilə Azərbaycanı La Liqada təmsil etməkdir"
Azərbaycan hazırda İspaniyada təkcə yığmamızın üzvü Eddi İsrafilovla təmsil olunmur. Azerisport.az xəbər verir ki, "Kordoba"da çıxış edən bu yarımmüdafiəçi ilə yanaşı, sözügedən ölkənin "Aranxues" komandasında da digər azərbaycanlı futbolçu - Əbülfəz Hafizoğlu top qovur. 20 yaşlı xavbek Ukraynanın "Dinamo" klubunun futbol akademiyasının yetirməsi olmaqla yanaşı, vaxtilə "Simurq"da da top qovub. Madrid Regional liqasında çıxış edən futbolçu saytımızın suallarını cavablandırıb.
- Daha öncə hansı klublarda çıxış etmisiniz?
- Kiyevin "Zirka" klubunda futbola başlamışam. Daha sonra "Dinamo"da, Zaqatala "Simurq"unda, İspaniya "Atletiko de Pinto"sunda oynamışam.
- İspaniyaya nə vaxt yollandınız?
- "Aranxues"də artıq bir ildir çıxış edirəm. Hazırda beşinci liqada çıxış etsək də, daha güclü klubların diqqətini cəlb etməyə çalışıram. İndi turnir cədvəlində 8-ci pillədəyik.
- Təkliflər var?
- Bəli, bəzi İspaniya klublarından təkliflər var. Amma mən hələ razılıq verməmişəm. Təkliflərə yayda baxacağam. İndi əsas start heyətə yer almaq, qollar vurmaq, qol ötürmələri etmək istəyirəm.
- İspaniya futboluna uyğunlaşmısınız? İspan dilini bilirsiniz?
- Madriddə yaşayıram, tək oluram. Şəhər çox gözəldir, turistlərlə doludur. Ona görə ingilis dilində danışmaq alınır. Amma şübhəsiz ki, ispan dilini də öyrənirəm. Bu ölkədə yaşamaq o qədər də çətin deyil. Burada azərbaycanlıların restoranı var, hər gün ora gedirəm. Madriddə özümü evdəki kimi hiss edirəm.
- Bəs klubunuzun sizə verdiyi maaş qane edir?
- Əlbəttə, maaş var. Amma evdən də mənə kömək edirlər.
- Azərbaycan klublarından təklif var? Yeniyetmə və gənclərdən ibarət millilərimizə dəvət almamısınız?
- İndi bütün diqqətimi İspaniyadakı çıxışıma yönəltmişəm. Mənim əsas çatışmazlığım yaxşı menecerimin olmamasıdır. Buraya gələndə də zəif liqaya düşdüm. Amma deyərdim ki, buradakı çempionat elə Azərbaycan çempionatı səviyyəsindədir. Bəlkə ondan da güclüdür. Burada sürət, temp daha yüksəkdir. Mən Azərbaycan liqalarında bunun şahidi olmamışam. Özümə inanıram və daha güclü liqalara keçməyə çalışıram. İndi qarşımda İngiltərə yığmasının və "Lester"in hücumçusu Ceymi Vardi kimi nümunə var. Çünki o, 21 yaşına kimi 8-ci liqada çıxış edib, üç il sonra 5-ci liqaya yüksəlib, bundan da dörd il sonra isə İngiltərə Premyer Liqasında bombardirlər sədvəlinə başçılıq edir. Mən də buna baxıb ruhlanıram, mübarizə aparıram.
- Siz bu komandaya gələndə onlar Azərbaycanın necə yer olduğunu bilirdilər?
- Əlbəttə, bilirlər. Azərbaycanlı futbolçu kimi İspaniyada həmişə mənə yaxşı davranıblar. Burada Azərbaycanı daha çox Madrid "Atletiko"sunun formasındakı reklama görə tanıyırlar. Kimsə bizi neft-qaz ölkəsi kimi tanıyır, kimsə Avropa oyunlarına görə. Bir futbolçu kimi mən də Azərbaycan bayrağını burada qaldırmağı çox istərdim.
- Əvvəllər Azərbaycanı İspaniyada Vəli Qasımov təmsil edib, indi isə Eddi İsrafilov. Onları orada tanıyırlar?
- Qasımov barədə soruşmuşam, amma Madriddə o, elə də məşhur deyil. Onu yəqin ki, Valensiyada, Bilbaoda daha yaxşı tanıyarlar.
- Azərbaycan çempionatını izləyirsiniz?
- Azərbaycan çempionatı İngiltərə Premyer Liqasından sonra ən çox maraqlandığım ikinci çempionatdır. Dostlarımın çoxu "Neftçi", "Qarabağ" və "Rəvan"da çıxış edir. Kənardan çempionatımız çox baxımlı təsir bağışlayır. "Qəələ", "Qarabağ" və "Zirə"ni xüsusi qeyd etmək olar.
- Azərbaycandan təklif gəlsə, qəbul edərsiniz?
- Əlbəttə, təklifə baxardım. Amma "Qəbələ" və "Qarabağ" kimi böyük klubların təklifinə. Amma onların mənə dəvət göndərəcəyinə elə də inanmıram. Həm də mən İspaniyada qalmaq istəyirəm. Sequnda liqaya yüksəlmək şansımız var. Artıq yayda mənim üçün yeni qapılar açıla bilər. Mənim əsas hədəfim 2-3 ilə Azərbaycanı La Liqada təmsil etməkdir.