Böyükağa Hacıyev: Mən Bakı və Neftçini çempion edəndə, rəqabət daha güclü idi
"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev "Qarabağ"ın ardıcıl üçüncü dəfə Topaz Premyer Liqasının qalibi adını qazanmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın çempionluğu məni sevindirdi. Bundan da çox məni sevindirən yenə yerli məşqçinin uğur qazanmasıdır. Artıq neçənci ildir ki, milli çempionatımızı ancaq yerli mütəxəssislər qazanırlar. "Zirə" ilə oyundan sonra Qurban Qurbanova zəng etdim, təbriklərimi çatdırdım. İndi onlardan Çempionlar Liqasında uğur gözləyirik. Ağdamlıların çempionluğu bir neçə tur öncədən rəsmiləşdirməsi Premyer Liqanın səviyyəsinin xeyli aşağı düşməsindən xəbər verir. Əvvəllər çempionluq uğrunda 5-6 komanda mübarizə aparırdısa, indi "Qarabağ"ın rəqibi yoxdur. Mən "Bakı" və "Neftçi"ni çempion edəndə, rəqabət daha güclü idi".