Aqil Məmmədov: Neftçi cavab matçına çox yaxşı köklənmişdi
"Neftçi"nin qapıçısı Aqil Məmmədov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri səfər oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı təəssüratlarınız?
- Çox çətin oyun oldu. Amma görüş ümidlərimzi doğrultdu. 120 dəqiqə oyun, üstəlik penalti sriyası - bu oyundakı gərginliyin göstəricisidir.
- "Neftçi" nəyin sayəsində qələbə qazandı?
- Oyundan öncə uşaqları müşahidə edərkən də görürdüm ki, onları bu oyundan başqa heç nə düşündürmür. Oyuna çox yaxşı köklənmişdik. Toparlandıq və qələbə qazandıq.
- Siz də penalti seriyasında yaxşı çıxış etdiniz, rəqibin bir zərbəsini dəf etdiniz...
- Mən penalti seriyasında qələbə qazanacağımızı gözləyirdim. Qapıçılarla iş üzrə məşqçimiz Dmitri Kramarenkonu xüsusi qeyd etmək istərdim. O, mənə bildiyi hər şeyi öyrədir. Bu uğuru da ona borcluyam.
- Finalda sizi "Qarabağ" gözləyir...
- "Qarabağ" bizim prinsipial rəqiblərimizdəndir. Final matçına ciddi hazırlaşacağıq. Qələbə qazanmaq istəyirik. Bunu təkcə ötən il baş tutan finaldakı məğlubiyyətimizə görə demirəm. Ümumiyyətlə, mövsümü titulla başa vurmaq istəyirik.
- Qarşıda AZAL-la çempionat oyunu var. Artıq çempionata marağınızın azaldığını demək olar?
- Xeyr, əksinə, biz indi yaxşı temp yığmışıq. Əlimizdən gələni edəcəyik ki, çempionatda da daha üst pillələrə yüksələk. Özü də AZAL bizim əsas rəqibimizdir. Onlara qalib gəlməliyik.