Bonilya bombardirlikdən imtina etdi
"Zirə"nin hücumçusu Nelson Bonilya Topaz Premyer Liqasının sonuncu - 36-cı turunda komandasına kömək edə bilməyəcək. Azerisport.az xəbər verir ki, bu gün komandası "İnter"lə paytaxt derbisində üz-üzə gələcək salvadorlu hücumçu klub rəhbərliyindən ona icazə verilməsini xahiş edib.
Buna səbəb onun vətəninə vaxtından daha tez yollanmaq istəməsidir. Belə ki, Bonilya Salvadorda həlli vacib olan işlərinin olduğunu bildirərək, Azərbaycanı daha erkən tərk edib. Bununla da o, Premyer Liqamızın bombardirlər yarışındakı mübarizədən də imtina etmiş olub. Hazırda Nelsonla "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintananın hesabında 14 qol var. Amma Bonilyanın yoxluğunda ispaniyalı futbolçu bu gün Ağdam klubunun AZAL-la qarşılaşmasında ən azı bir qol vurmaqla, cari mövsümün ən yaxşı bombardiri adını qazana bilər.
Qeyd edək ki, Bonilya gələn həftə Salvador yığmasının toplanışına da qatılmalıdır. Onun komandasını mayın 28-də Peru, iyunun 1-də isə Ermənistanla yoxlama oyunları gözləyir.