Qurban Qurbanov: Bizim də belə bir planımız var
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan və mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin cavablarla tanış edir:
- Ardıcıl 3-cü dəfə ölkə çempionluğu barədə nə deyə bilərsiniz?
- Çempionluq bütün idmançıların arzusudu. Buna nail olduqdan sonra istəyirsən ki, yenə uğura imza atasan. 3 ildi ki, "Qarabağ" çempionluq kubokunu başı üzərinə qaldırır. Bu da sevindiricidi. Əlbəttə ki, yenə öz üzərimizdə daima çalışamalıyıq. Bu, məsuliyyəti daha da artırır.
- Ölkə kubokunun finalında qarşılaşacağınız "Neftçi" çempionatının son turlarında yaxşı çıxış edir. Bu, sizi ehtiyatlandırmır?
- Bəli, bu komanda son dövrlər çox yaxşı oynayır. Oyun sistemində də dəyişiklik edilib. Bu da bizi düşünməyə məcbur edir. Kubok oyunu tam fərqli olur. Rəqibin çox sürətli və istəkli futbolçuları var. Son vaxtlar "Neftçi" rəhbərliyi ilə yanaşı, futbolçularının da istəyi artıb. Buna görə kuboku qazanmaq istəyirik. Biz də bu məsuliyyəti hiss edib, ciddi hazırlaşmalıyıq. Final oyununun favoriti yoxdu.
- Komandadan göndəriləcək futbolçuları müəyyənləşdirmisiniz?
- Xeyr. Bunun üçün hələ vaxtımız var. Çalışacağıq ki, sabahdan etibarən kubokun final matçı barədə düşünək.
- Kubokun final matçının keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunun ot örtüyünün yenilənməsindən sonra durum sizi qane edirmi?
- Məncə, pis olmayacaq. 4-5 gün əvvəl arenaya baş çəkmişdim. Bəlkə də düşünyümüzdən daha yaxşıdı. Yeni ot örtüyü olduğundan çatışmazlıqlar ola bilər. Amma mütəxəssislərlə danışmışıq, problem olmayacağını bildiriblər.
- "Rəvan"la qarşılaşmadan fərqli olaraq, AZAL-la oyuna əsas heyətlə çıxmışdınız. Bu, çempionluq mərasiminə, yoxsa final qarşılaşmasına hazırlığa görə idi?
- Son oyunlarda fərqli heyətlərlə çıxış etdik. Futbolçularda istər-istəməz yorğunluq var idi. Buna görə də dəyişiklik etmişdik. Bəzi oyunçularımızın istirahətə ehtiyacı vardı.
- Azarkeşlər mükafatlandırma mərasimi vaxtı klub rəhbərliyini çempionluq kubokunun Ağdama aparmağa səslədi...
- Bizim belə bir planımız var. Amma bunun üçün müvafiq orqanlarla danışmaq lazımdır ki, cəbhə bölgəsində hər hansı problem olmasın. Amma belə biz oraya yollanmağa nə vaxt lazım olsa, hazırıq.