Rövşən Hüseynli: Millimiz qrupun autsayderi deyil
Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Rövşən Hüseynli Kolumbiyada keçiriləcək dünya çempionatında İran, İspaniya və Mərakeşlə bir qrupa düşməyimizə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Püşkün üzümüzə güldüyünü demək olmaz. Hətta deyərdim ki, yığmamız "ölüm qrupu"na düşüb. Çünki rəqiblərimiz doğrudan da güclüdür. Qrupda birinci yer? Bunu yəqin ki, arzulamaq olar. DÇ-yə hələ vaxt var. Ciddi hazırlaşmalıyıq. Ən azından qrupdan çıxmağa çalışmalıyıq.
İspaniya yığmasını yaxşı tanıyırıq. Son Avropa çempionudur. Yəqin ki, tək bu sözügedən komanda barədə hər şeyi deyir. İran da güclü rəqibdir. Bunu onların dünya reytinqində beşinci olmaları da isbat edir. Mərakeşə gəlincə, bu rəqib barədə ətraflı məlumatım yoxdur. Qrupun autsayderi olduğumuzu düşünmürəm".