Eddi İsrafilov: Milliyə bu dəfə daha yaxşı əhval-ruhiyyədə gəlirəm
Azərbaycan yığmasının və İspaniyanın "Kordoba" klubunun yarımmüdafiəçisi Eddi İsrafilovun azerisport.az saytına müsahibəsi
- Bu mövsümü özünüz üçün necə qiymətləndirərdiniz?
- Mövsümün əvvəlini La Liqada çıxış edən "Eybar"da keçirdim. Başlanğıc uğurlu olmadı. Çünki elə də çox oynamaq şansı qazanmırdım. Amma mən daha çox oynamaq istəyirdim. Bu üzdən də başqa kluba keçməyə qərar verdim. Gördüyünüz kimi, bu addımım uğurlu oldu. "Kordoba"nın bütün oyunlarında meydana çıxıram.
- Mövsüm hələ başa çatmasa da, yeni planlarınız var?
- İndi yalnız mövsümü uğurlu başa vurmaq barədə düşünürəm. Növbəti mövsüm haqda hələ düşünmürəm. Amma fasilə dövrüdə qərar vermək üçün vaxt olacaq.
- Yığmamızın Avstriya toplanışından nə gözləyirsiniz?
- İlk növbədə heyətdə yer aldığım üçün şadam. Robert Prosineçkinin inamı xoşuma gəlir. Toplanışa gəlincə, bu, DÇ-2018-in seçmə mərhələsinə hazırlıq baxımından bizim üçün çox böyük əhəmiyyət kəsb edir.
- Millimiz Andorra, Makedoniya, Kanada ilə yoxlama oyunları da keçirəcək...
- Təəssüf ki, mən yığmaya komandamın çempionat oyunlarına görə bir qədər gec qoşulacağam. Amma ümid edirəm ki, bütün yoxlama oyunlarımız, eləcə də toplanış komandamız üçün uğurlu alınacaq.
- Sizi hələ də əsas heyətin daimi üzvü saymaq olmaz. Növbəti seçmə mərhələdə necə olacaq?
- Daha yaxşı olacağını gözləyirəm. Hələ ki, açıq şəkildə bəxtim gətirmir. Məsələ burasındadır ki, yığmaya hər dəfə dəvət olunanda ya zədələnirəm, ya da klubumda həmin dövrlər az oynayıram. İndi isə özümü yaxşı hiss edirəm. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan yığmasının əsas üzvünə çevriləcəm.
- Millimizin seçmə mərhələdəki şansları barədə nə düşünürsünüz?
- İndidən nəsə söyləmək çətindir. Əminəm ki, komanda yoldaşlarım bu tsiklin uğurlu alınması üçün əlindən gələni edəcək. Şübhəsiz ki, rəqiblərimiz çox güclüdür. Amma biz də bu qrupda özümüzü göstərə bilərik.