Vüqar Nadirov: Eşitmişəm ki, İnter 100 faiz avrokuboklarda oynayacaq
"İnter"in hücumçusu Vüqar Nadirov komandasının, eləcə də öz aqibətindən, yığma komandamıza dəvət almamasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz avrokuboklarda oynamağa vəsiqə qazandıq. İndi isə yekun qərarı İdman Arbitraj Məhkəməsi verməlidir. Ümid edirəm ki, Avropa Liqasında oynayacağıq. Eşitmişəm ki, 100 faiz bu mövsüm avrokuboklarda oynayacağıq. Rəhbərlik də bizə tapşırmışdı ki, siz öz öhdənizə düşəni edin, qalanı bizlikdir.
Özümə gəlincə, klubla müqaviləmin müddəti başa çatıb. Necə olacağını hələ bilmirəm. Təklif də yoxdur.
Yığmaya dəvət olunanların siyahısında yer alacağımı gözləyirdim. Çağırılmamağım mənim üçün gözlənilməz oldu. Düzdür, altı ay idi sabit oynamırdım. Amma son dövrlər "İnter"də mütəmadi oynayırdım, qollar da vururdum. Bu üzdən Robert Prosineçkinin dəvət göndərəcəyini düşünürdüm. Amma o, bunu etmədi".