Sadıqov: Millidə debüt edən bütün futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışdı
AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan yığmasının Avstriya toplanışı çərçivəsində Andorra ilə heç-heçə oynamasını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığması üçün bu toplanış DÇ-2018-in seçmə mərhələsinə hazırlıq baxımından çox vacibdir. Məhz bu toplanışdan sonra yığmamızın heyəti müəyyənləşəcək, eləcə də ehtiyat qüvvə bəlli olacaq. Andorra ilə ilk oyunda "Neftçi" və "Qarabağ"ın futbolçuları iştirak etmirdilər. Bu üzdən Robert Prosineçki millidə beş futbolçuya debüt imkanı yaratmışdı. Onların hər biri özünü yaxşı tərəfdən göstərməyə çalışdı. Bu oyunda komandamız qoldan başqa çox şeyə nail oldu. Bunun da öz səbəbləri var. Əsas səbəb gənc oyunçuların hələ komandaya tam uyğunlaşmamasıdır. Xorvatiyalı mütəsəssis gənclərə öz güclərini belə oyunlarda yoxlamaq imkanı yaradır".