Rikardinyo: Qəbələ yenə qrup mərhələsində oynamaq istəyir
"Qəbələ"nin müdafiəçisi Rikardinyonun azerisport.az saytına müsahibəsi
- Gürcüstan toplanışı necə keçir?
- Hər şey yaxşıdır. Yeni mövsümə mümkün qədər yaxşı hazırlaşmağa çalışırıq. Çünki bizi tezliklə Avropa Liqasının oyunları gözləyir.
- Yerli "Dila" (2:0) və "Sioni"yə (4:0) qarşı keçirdiyiniz yoxlama görüşlərində arzuladığınız oyuna nail ola bildiniz?
- Hər iki oyun çətin və maraqlı alındı. Sonadək mübarizə apardıq. Rəqiblərimiz də yaxşı komanda idi. Çox şadam ki, bu görüşlərdə qələbə qazandıq. Qələbə həmişə xoşdur.
- Ötən mövsümlə müqayisədə komandada nə dəyişiklik var?
- Dəyişiklik var. Amma bu, bizim üçün fərq etmir. Öz üzərimizdə çalışmalı, mübarizə aparmalıyıq. Hər oyunda daha yaxşı çıxış etməliyik.
- Bu yay xeyli futbolçunun komandanı tərk etməsi təsirini göstərmir?
- Düşünmürəm. Belə dəyişikliyə diqqət etməyə dəyməz. Bu hala istənilən komandada rast gəlmək olar. Həm də "Qəbələ"yə yeni futbolçular gəlib. Yəni onlar da gedənlərin yerini hiss etdirməmək üçün gətiriliblər. Yeni gələnlər necə yaxşı oyunçu olduqlarını göstərməyə çalışırlar.
- Bəs sizə bu yay başqa klublardan təklif gəlməmişdi?
- Bu barədə heç düşünmürdüm də. Çünki "Qəbələ" ilə daha bir illik müqaviləm var. Ona görə də tam olaraq bu komandadakı çıxışıma, məşqlərimizə köklənmişəm.
- Avroliqadakı ilk rəqibiniz - Gürcüstan "Samtredia"sı barədə nə bilirsiniz?
- Ətraflı məlumatım yoxdur. Amma heyətində yaxşı futbolçuların çıxış etdiyindən xəbərim var. Yəqin ki, bizə qarşı sonadək mübarizə aparmağa çalışacaqlar. Lakin biz də növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq.
- Buna nail ola bilməsəniz, faciə olmayacaq?
- Mümkün məğlubiyyəti faciə saymazdım. Biz hər iki görüşdə ağıllı oynamağa çalışacağıq. Ötən mövsüm Tiflis "Dinamo"su ilə oyunlarda da çətinlik çkdik. Amma iki matçın nəticəsinə görə mərhələ adladıq.
- Bu mövsüm qarşınıza hansı hədəflər qoyulub?
- Yenə qrup mərhələsində oynamaq istəyirik. Hər oyunda qələbə qazanmağa çalışmalıyıq. Amma bunun necə alınacağını zaman göstərəcək.
- İlk oyunun Bakıda keçirilməsi sizin üçün nə dərəcədə müsbət və ya mənfi haldır?
- Evdə oynamaq həmişə xoşdur. Yaxşı azarkeş dəstəyimiz olacaq. Ötən mövsüm də bizi Bakıda çox yaxşı dəstəklədilər. İlk oyunda yaxşı nəticə qazanmaq istərdik ki, cavab görüşünə üstün yollanaq.