Oleq Bejenar: Qoy Kəpəz çəkinsin
Moldovanın "Daçiya" klubunun baş məşqçisi Oleq Bejenar Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri ilk oyun öncəsi bu gün mətbuat konfransında fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Belə gözəl şəhərdə, gözəl insanlarla olmaq çox xoşdur. Bizi ağır oyun gözləyir. Rəqibi analiz etmişik. Amma elə də ətraflı məlumatımız yoxdur. "Kəpəz"in yaxşı komanda olduğunu bilirik. Fiziki cəhətdən yaxşı hazırlığa malikdir. Çempionatdakı oyunlarına baxmışıq. "Bakı" ilə oyunlarını izləməyə də nümayəndəmiz gəlmişdi. Heyətlərindəki dəyişiklərdən də xəbərimiz var.
- Bakıda sizi heç-heçə qane edəcək?
- Kiminlə qarşılaşmağımızdan asılı olmayaraq, hədəfimiz həmişə qələbə qazanmaq olub. Prezidentimiz iddialıdır. Hətta toplanış zamanı Kiyev "Dinamo"su, Moskva "Spartak"ı ilə oyunlarda da heç-heçə bizi qane etmirdi.
- Azərbaycanda oynamış Vadim Borets, Aleksey Savinovla danışmısınız?
- Bir nəfərlə söhbətim olub. Amma onun kim olduğunu demək istəmirəm. Bircə onu deyə bilərəm ki, bu, Borets və Savinov deyil.
- Həmkarınız cütün taleyinin Kişinyovda həll olunacağını deyib. Siz bu barədə nə düşünürsünüz?
- Bəli, hər şeyə cavab matçında aydınlıq gələcək.
- İlk dəqiqələrdən meydana kimləri buraxacağınızı müəyyənləşdirmisiniz?
- Müəyyənləşdirmişəm, amma onu açıqlamayacağam.
- Xarakteriniz belədir, ya çəkinirsiniz?
- Sadəcə, demirəm. Çəkinmirəm. Qoy onlar çəkinsinlər.