İqor Buqayev: Hədəfimiz ilk oyunda qol buraxmamaqdır
Moldovanın "Daçiya" klubunun yeni hücumçusu İqor Buqayev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az sizi onun klub saytına verdiyi müsahibə ilə tanış edir:
- İqor, ilk oyun öncəsi vəziyyət necədir?
- Oyuna yaxşı köklənmişik. Uşaqların hamısı başa düşür ki, bizi vacib oyun gözləyir. Bu oyuna çox ciddi hazırlaşmışıq.
- Səfər matçında sizi hansı nəticə qane edir?
- İstənilən müsbət nəticə. "Kəpəz" barədə az şey bilirik. Oyunlarına baxmışıq. Əsas hədəfimiz qol buraxmamaqdır. Eyni zamanda qol da vurmağa çalışmalıyıq.
- "Kəpəz"i keçmək şanslarınızı necə qiymətləndirirsiniz?
- Düzünü deyim ki, proqnoz verməyi xoşlamıram. Bircə onu deyə bilərəm ki, meydanda var gücümüzü qoyacağıq. Cavab oyunu iyulun 7-dədir. Hər iki oyunda qələbə üçün mübarizə aparacağıq.