Con van Loen: Qarabağ Düdelanja həm Bakıda, həm də səfərdə qalib gələcək
"Qarabağ"ın uşaq futbolu üzrə sabiq idman direktoru Con van Loenin azerisport.az saytına müsahibəsi
- Sizin Ağdam klubundan ayrılmağınıza nə səbəb old?
- AFFA ilə bağladığımız müqavilənin müddəti başa çatdı. Yeni layihələr üçün isə pul olmadı. Ona görə də ayrılmalı oldum.
- 2014-cü ildən bəri çalışdığınız dövrdə Azərbaycandakı uşaq futbolunda nələr diqqətinizi çəkdi?
- Ötən illər ərzində yaxşı işlər gördük. "Qarabağ"ın futbol akademiyasının yaxşılaşması üçün əlimizdən gələni etdik. Hamımız arzuladığımız nəticələrə nail olmaq istəyirdik. Fikrimcə, bu klubun futbol akademiyasında öz işimin öhdəsindən gələ bildim.
- Yenidən Ağdam klubuna qayıtmaq istərdiniz?
- Bəli, Azərbaycana qayıtmaq, xüsusilə də "Qarabağ"da yenidən çalışmağı istərdim. Bu klubdan məni çağırsalar, məmnuniyyətlə dönərəm. Çünki geridə qalan iki il ərzində orada yaxşı işlər görmüşük. Oradakı insanlarla da gözəl münasibətimiz var.
- Bəs başqa hansısa klubumuzdan təklif alsanız, onda qərarınız necə olar?
- "Qarabağ"dan ayrıldıqdan sonra hələ heç bir təklif almamışam. Kimsə təklif etmək istəsə, bunu müzakirə etməyə hazıram.
- "Qarabağ"ın əsas komandasının çıxışı barədə nə deyə bilərsiniz?
- Etiraf etmək lazımdır ki, bu komanda hazırda çox yaxşı futbol sərgiləyir. Hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. "Qarabağ" da bunu çox yaxşı bacarır. Amma reallıqlar da var. "Qarabağ" Çempionlar Liqasındakı ilk rəqibini - Lüksemburq "Düdelanj"ını həm Bakıda, həm də səfərdə məğlub edəcək.
- Azərbaycan və Hollandiya futbolu arasında nə kimi fərqlər var?
- Hollandiyada taktika, xarakter daha çox rol oynayır. Bütün klublar peşəkar səviyyədədir. Hollandiya klublarının hamısının ən yaxşı şəraitə malik olduğunu söyləmək olar. Hollandiyanın futbol liqası da zəif deyil. Mənim fikrimcə, Azərbaycan klublarından Hollandiya çempionatında mübarizə aparmağa layiq yeganə komanda "Qarabağ"dır.