Qriqorçuk: Qəbələnin yox, Samtredianın favorit göstərilməsini istərdim
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsinin ilk oyununda sabah Gürcüstan "Saatredia"sını qəbul edəcək "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə bunları söyləyib:
"Ötən illə müqayisədə yaxşı vəziyyətə gəlmək üçün hər şeyi etmişik. Komandam barədə çox şey danışa bilmərəm. Yeni gələn futbolçulardan çox razıyam. Onların meydanda etdikləri tələblərimə cavab verir. İnanıram ki, sabahkı rəsmi oyunda da istədiyimi həyata keçirəcəklər".
"Ukraynalı mütəxəssis start heyəti müəyyənləşdirdiyini, amma onu açıqlamayacağını bəyan edib: "Onsuz da seçimimiz o qədər də geniş deyil. Yeni gənc futbolçularımız var. Onlara inamımız böyükdür. Ancaq etiraf edim ki, gənclər hələ bu səviyyədə oyunlara hazır deyil. Bəzi futbolçular hazırlıq prosesinə gec qoşulublar. Amma sabah yaxşı oynayıb, uğur qazanacağımıza inanıram".
Qriqorçuk rəqibdən də danışıb: "Komanda olduqca maraqlı futbol sərgiləyir. Futbolçuları özlərinə güvənir. Özlərinə arxayındılar. Hücum etməyi bacarırlar. Ancaq düşünürəm ki, biz onları yaxşı təhlil etmişik. Eyni zamanda, daha önəmli onların oyunu deyil, bizim istədiyimiz futbolu sərgiləməyimizdi. Yaxşı nəticə əldə etmək istəyiriksə, hücumda məhsuldar və rəngarəng olmalıyıq".
"Qəbələ"nin çalışdırıcısı son anda Sergey Zenyovu heyətdə saxlamağa qərar vermələrini belə şərh edib: "Sergeyin "Qəbələ"ylə müqaviləsi var. Normal hazırlaşıb. Biz ona güvənirik. O ki qaldı komandaya gec qoşulmasına, bunun obyektiv səbəbi var. O, fərdi qaydada hazırlaşdı və fiziki formasını bərpa etdikdən sonra komandaya qoşuldu".
Ötən mövsüm hər oyundan öncə 5:0 hesablı qələbə istədiyini deyən mütəxəssis buna dair suala yenə özünəməxsus tərzdə cavab verdi: "Bu dəfə 5:0 yox, 6:0 hesabıyla qalib gələcəyik (gülür). Amma rəqibin güclü olduğunu bilirik. Çətin olacaq. Şanslar bərabərdir. Mən aşkar favorit görmürəm. Lakin "Samtredia"nın favorit göstərilməsini daha çox istərdim. Hələ özümüz də necə təsir bağışlayacağımızı bilmirik".
Təcrübəli mütəxəssis komandanın yeni transferi Baqali Dabodan da söz açıb: "O, yeni futbolçudur. Bu futbolçudan da razıyam. Onu bir neçə namizəd arasından özüm seçmişəm. İnanıram ki, bütün yeni futbolçularımız özlərini göstərə biləcəklər".