Mahmud Qurbanov: Neftçidən səfərdə qələbə gözləyirəm
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov "Neftçi" və "Qəbələ"nin Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün keçirəcəyi ilk oyunlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" barədə danışmaq mənə çətindir. Heyətdə xeyli dəyişiklik olub. Onları iş başında görməmişəm. Dodo, Qay kimi önəmli fiqurlar gedib. Komandanın ilk oyuna nə dərəcədə hazır olduğunu da deməkdə çətinlik çəkirəm. İstənilən halda onlara "Samtredia" ilə oyunda uğurlar arzulayıram. Ümid edirəm ki, növbəti mərhələyə məhz bizim klub adlayacaq.
"Neftçi"də də yeni transferlər var. Komandanı tərk edənlər isə əsasən legionerlərdir. İnanmıram ki, yeni gələn futbolçular qısa müddət ərzində komandaya tam uyğunlaşsınlar. Bunu "Qəbələ"yə də aid etmək olar. Amma "Neftçi"nin Malta "Baltsan"ını keçmək üçün əla şansı var. Bakılılardan səfər oyununda da qələbə gözləyirəm".