Mahir Mədətov: Viktoriyaya yenə qalib gələ bilərik
"Qarabağ"ın hücumçusu Mahir Mədətov Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Düdelanj"ına qarşı keçirdikləri cavab oyunundan sonra azerisport.az saytına müsahibə verib:
- Matça bağlı nə deyə bilərsiniz?
- Ağır oyun oldu. Belə olacağını gözləyirdim. Amma daha bu qədər çətinliklə üzləşəcəyimizi düşünmürdüm. Meydan sahiblərinin vurduğu qol onlara əlavə motivasiya verdi. Bizim də qol vəziyyətlərimiz olurdu, amma yararlana bilmirdik. Rəqib də penaltini qola çevirə bilmədi. Amma biz xarakter göstərib, matçın sonunda hesaba tarazlıq gətirə, mərhələ adlaya bildik. Əsas da budur. Mərhələ adladığımız üçün çox sevincliyəm.
- Öz çıxışınızı necə qiymətləndirərdiniz?
- Şadam ki, ÇL-də ikinci oyunumu keçirdim. Səbrsizliklə qol vuracağım günü gözləyirəm. Artıq "Düdelanj"la oyunları unudub, qarşıdakı matçlara köklənməliyik.
- Rəqib hesabda öndə olanda daha bir qol buraxacağınızdan qorxmurdunuz?
- Düzünü deyim ki, yox. Sadəcə, oyunun tempi çox yüksək idi. Rəqib matçın sonunda yorulmuşdu. Yaxşı ki, bərabərlik qolunu vura bildik.
- İbrahim Şehiçin penaltini dəf edəcəyinə inanırdınız?
- Rəqib penaltini vuranda mən gözlərimi yummuşdum. Gözümü açanda artıq Şehiçin topu dəf etdiyini gördüm. Buna çox sevindim.
- "Qarabağ"ın qolunu zədədən yenicə dönən Reynaldo vurdu...
- Onun qol vurmasına çox sevindim. Reynaldo çox yaxşı futbolçudur. Mənim də ondan öyrənəcəyim çox şey var.
- Növbəti rəqibiniz Çexiya çempionu "Viktoriya"dır...
- Öncədən heç nə demək istəmirəm. Bircə onu bilirəm ki, bu rəqiblə oyunlara çox ciddi hazırlaşacağıq. Ümid edirəm ki, bu komandanı da keçib, pley-offa vəsiqə qazanacağıq. Bir dəfə bu komandaya qalib gəlmişiksə, yenə bu uğura imza ata bilərik.
- İlk oyunun səfərdə olması sizin üçün nə dərəcədə üstünlükdür?
- Biz istənilən oyuna qələbə üçün çıxırıq. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Bu üzdən də ilk matçın harada keçirilməsinin önəmi yoxdur.
- "Qarabağ"ın ÇL-in qrup mərhələsində oynaması nə dərəcədə realdır?
- Qurban Qurbanov tez-tez bizə yenicə başa çatan AÇ-2016-dan misallar gətirir. Əlbəttə, hər şey mümkündür. Biz yalnız qələbələr qazanmaqla böyük uğurlara imza ata bilərik. Çox yaxşı azarkeşlərimiz də var. Onlara da bizə göstərdikləri dstəyə görə minnətdarlığımı bildirirəm.