Rasim Ramaldanov: İran klubundan da təklif almışdım, amma Kolxetini seçdim
Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Rasim Ramaldanov Gürcüstanın "Kolxeti" klubuna transferi ilə əlaqədar azerisport.az saytının suallarını cavablandırıb:
- "Kolxeti"yə keçidiniz necə baş tutdu?
- Məni bu kluba "Simurq"da birgə oynadığım David Bolkvadze təklif edib. "Kolxeti"dən mənə zəng gəldi, söhbətləşdik və bilet alıb, Türkiyəyə yollandım. Artıq komandaya qoşulmuşam. Burada təlim-məşq toplanışındayıq. Özümü yaxşı tərəfdən göstərməyə çalışıram.
- Gürcüstan klubları maliyyə baxımından o qədər də yaxşı vəziyyətdə deyil. "Kolxeti"də vəziyyət necədir?
- Maliyyə imkanları zəif ola bilər. Amma çempionatları heç də zəif deyil. Ona görə də Gürcüstan çempionatında oynamağa qərar verdim.
- Bir illik müqavilə bağlamısınız. Sonra geri qayıtmağı düşünürsünüz?
- Çox ümid edirəm ki, "Kolxeti"də yaxşı forma yığa biləcəyəm. Ondan sonra geri qayıtmaq olar. Amma hazırda bütün diqqətim yeni komandamın məşqlərinə yönəlib.
- Yerli klublardan təklif var idi?
- Var idi, amma konkret deyildi. Həm də artıq gözləyə bilməzdim. "Kolxeti"dən aldığım təklif ürəyimcə oldu və bu klubla müqavilə imzaladım. Məni İran çempionatına da çağırırdılar. Amma Gürcüstan klubunu seçməyə üstünlük verdim.
- İran çempionatı Gürcüstandakından daha güclüdür. Belə seçim etməyinizə nə səbəb oldu?
- "Kolxeti"nin transferimdə daha maraqlı olması.
- Komandanın baş məşqçisi ilə söhbətiniz olub?
- Bəli. O, mənə ümid bəslədiyini bildirdi. Həmçinin mənim barəmdə Azərbaycanda çalışmış gürcü məşqçilərdən məlumat aldığını da söylədi. Komandaya kömək etməyimi istəyir. Mən də öz növbəmdə "Kolxeti" üçün əlimdən gələni edəcəyimə söz verdim.
- Azərbaycanda gürcü futbolçular çox olsa da, bizimkilər bu ölkədə oynamağa elə də üstnlük vermirlər...
- Heç mən də təsəvvür etməzdim ki, nə vaxtsa burada peyda ola bilərəm. Buna baxmayaraq, Azərbaycanı Gürcüstanda layiqincə təmsil etməyə çalışacağam.
- "Kolxeti"nin yeni mövsüm üçün hədəfləri nədir?
- Burada çempionatın formatında dəyişiklik edilib. 7 komanda iki qrupa bölünüb. Tamamilə fərqli sistemdir. İstənilən halda hər oyuna qələbə üçün çıxacağıq. Mən də komandaya kömək etmək üçün bacardığımı əsirgəməyəcəyəm.