Klublarımızın UEFA reytinq cədvəlindəki mövqeyi
Avrokubokların ikinci təsnifat mərhələsinin oyunlarından sonra Azərbaycan klublarının da UEFA reytinqindəki mövqelərində bir sıra dəyişiklər olub. Azerisport.az xəbər verir ki, Çempionlar Liqasında Lüksemburq "Düdelanj"ını mübarizədən kənarlaşdıran "Qarabağ" yenə də Azərbaycanın ən yaxşı göstəriciyə malik komandasıdır.
Belə ki, 14,075 reytinq xalı olan Ağdam klubu 116-cı pillədə qərarlaşıb. "Qarabağ"ın ÇL-in üçüncü təsnifat mərhələsindəki rəqibi - Çexiya "Viktoriya"sı isə 36,075 xalla 48-ci sıradakı mövqeyini qoruyub.
Avropa Liqasında Gürcüstan "Samtredia"sının ardından Macarıstan MTK-sını hər iki oyunda məğlub edərək, üçüncü təsnifat mərhələsinə vəsiqə qazanan "Qəbələ" ölkəmizin ən yaxşı göstəriciyə malik üçüncü komandasıdır. Bu klub 9,325 xala malik "Neftçi"dən (156-cı yer) geri qalır. Belə ki, Roman Qriqorçukun çalışdırdığı kollektivin hesabında hazırda 6,325 reytinq xalı var. "Qəbələ"nin hazırda 199-cu pilləyə qədər yüksəldiyini də qeyd edək. Komandanın növbəti rəqibi - Fransanın "Lill" klubu isə 19,716 xalla 86-cı pillədədir.
"Neftçi" kimi, mübarizəni Avroliqanın ikinci təsnifat mərhələsində dayandıran "Kəpəz" 3,575 xalla 309-cudur. Gəncə klubu "İnter"dən (5,575 xalla 216-cı) və "Xəzər Lənkəran"dan (4,075 xalla 286-cı) geri qalır. Ən zəif göstəriciyə malik təmsilçimiz isə "Bakı"dır - 3,325 xalla 319-cu pillə.