Tərlan Əhmədov: Mövsümə uğurlu başlamaq istəyirik
AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun azerisport.az saytına müsahibəsi
- Yeni mövsümə hazırlıq necə gedir?
- Hər şey yaxşıdır. Artıq dörd yoxlama oyunu keçirmişik. İyulun 30-da da "Qaradağ Lökbatan"la qarşılaşacağıq. Heyəti komplektləşdirmişik. Sadəcə, bir yeni futbolçu dəvət edəcəyik.
- Hansı mövqe üçün?
- Rail Məlikovun yerinə. Onun gedişindən sonra bizə həmin mövqeyə futbolçu lazımdır. Təcrübəli oyunçu.
- Yerlidir?
- Əcnəbi. Bu mövqeyə bizdə sərbəst oyunçu yoxdur.
- Məlikov klubu büdcəyə görə tərk etdi. İndi vəziyyət nə yerdədir?
- Büdcə ötən il necə idisə, indi də elədir.
- Ötən mövsüm "Rəvan", "Xəzər Lənkəran" kimi komandalar da var idi, xal toplayırdınız. Bu mövsüm necə olacaq?
- "Rəvan"la oyunlarda az xal itirməmişik. Bu komanda ilk beşlikdə yer alan komandalardan da az xal almadı. Buna görə də bu iki klubun yoxluğunda xal toplaya bilməkdə çətinlik çəkəcəyimizi demək düzgün olmazdı. Biz istənilən halda ötən mövsümlə müqayisədə daha yaxşı çıxış etməyə çalışacağıq.
- Deməli, AZAL möcüzəsi davam edəcək?
- Sensasiya bir oyunda olar, iki oyunda, daha bütün mövsüm ərzində yox. Məsələn, "Lester"in İngiltərə çempionu olması möcüzə idi? Sadəcə, düzgün iş aparmaq lazımdır.
- Yeni mövsüm üçün hədəfiniz nə olacaq?
- Son mövsümdə avrokuboklara vəsiqə qazanmaq şansını qaçırdıq. Amma bu mövsüm avrokuboklara vəsiqə qazanmaq istəyirik.
- Yeni mövsümdə ilk oyununuz "Neftçi"yə qarşı olacaq...
- Çətin oyun olacaq. Şanslar bərabərdir. Artıq hər bir komanda qarşısındakı rəqibindən ehtiyatlanır. Uduzmaq istəmirik. Əksinə, mövsümə uğurlu başlamaq istəyirik.