Roman Pivarnik: Qolsuz heç-heçə mərhələ adlamağımıza kömək edə bilər
Çexiyanın "Viktoriya" klubunun baş məşqçisi Roman Pivarnik Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, qolsuz bitən matçla bağlı öncə bunları söyləyib:
"Yaxşı rəqibə qarşı oynayırdıq. Meydanda daha fəal olmağa çalışdıq. Statistika göstərir ki, "Qarabağ"ın da qol vəziyyətləri oldu. Birinci hissədə bir-iki real qol vəziyyətimiz oldu. Onları dəyərləndirməli idik".
"Rəqibin on oyunçusu öz cərimə meydançalarında demək olar ki, bizim futbolçulara qapıya zərbə vurmağa imkan verməməyə çalışırdı. Bu üzdən demək olar ki, çox şans əldə edə bilmədik. İkinci hissədə isə ümumiyyətlə rəqibin qapısının 30 metrliyində oynamağa məcbur olduq. İkinci sarı vərəqə azlıqda qalmağımızla nəticələndi. Oyunun nəticəsi çox vaxt matçın sonunda həll olunur. Azlıqda qaldıqdan sonra böyük qüvvə ilə irəli atıla bilmədik. Bu üzdən "Qarabağ"ın səhv etməyini gözləməyə başladıq".
"Orta məsafələrdən qapıya zərbələr çox az oldu. Halbuki, fasilədə uşaqlara bunu da tapşırmışdım. Bu oyunda qapıya cəmi bir neçə zərbə endirildi".
Pivarnik qolsuz heç-heçənin mərhələ adlamalarına imkan verən hesab olduğunu bildirib: "Qarabağ"la oyun ilk rəsmi matçımız idi. Fikrimcə, müsbət qiymət ala bildik. Bu nəticə bizim mərhələ adlamağımıza kömək edə bilər".