Teo Uiks: Cütün taleyinə Sloveniyada aydınlıq gələcək
"Qəbələ"nin yarımmüdafiəçisi Teo Uiks Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Sloveniya "Maribor"una qarşı ilk oyundan (3:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Oyun barədə nə deyə bilərsiniz?
- Çətin oyun oldu. Rəqib hesabı erkən açsa da, biz ruhdan düşmədik. İkinci hissədə isə çox yaxşı oynayıb, qələbə qazandıq.
- Cütün taleyini artıq həll olunmuş saymaq olar?
- Bunu indidən demək olmaz. "Maribor" çox yaxşı komandadır. Hər şeyə Sloveniyadakı cavab oyununda aydınlıq gələcək.
- İlk oyunlarınızda çox qol vursanız da, son matçlarda buna nail ola bilmirsiniz. Bu, nə qədər davam edəcək?
- Qolu kimin vurmasının önəmi yoxdur. Əsas komandamızın uğur qazanmasıdır. "Maribor"la matçda Zenyovla Dabo fərqləndi və qələbə qazandıq. Mənim üçün komandamın qələbəsi daha vacibdir.
- Rəşad Sadiqovun meydanda olmaması hiss edilirdi?
- Rəşad bizim üçün çox vacib futbolçudur. Kapitanımızdır. Matçdan öncə o, bizi ruhlandırdı. Təbii ki, meydanda yoxluğunu hiss etdik. Ümid edirəm ki, cavab oyununda meydanda olacaq.
- Belə bir fikir var ki, "Maribor" təsəvvür olunduğundan zəif imiş...
- Xeyr, mən belə düşünmürəm. Əksinə, "Maribor" güclü komandadır. Onlar əvvəlki mərhələlərdə özlərini yaxşı tərəfdən göstərə bilmişdilər.
- Qolsuzluq seriyanıza Sloveniyada son qoya biləcəksiniz?
- Dediyim kimi, mənim üçün əsas komandanın uğurudur. Amma təbii ki, mən də komandamın qələbə qazanması üçün əlimdən gələni edəcəyəm. Sloveniyada da özümü yaxşı tərəfdən göstərməyə və "Qəbələ"yə faydalı olmağa çalışacağam.