Qurban Qurbanov: Rəqibə qol şansı yaratmadan daha çox hücum etməliyik
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveç "Qöteborq"una qarşı keçirəcəkləri cavab oyunu öncəsi mətbuat konfransında jurnalistlərin fikirlərini bölüşüb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
- Qarşıdakı oyundan nə gözləyirsiniz?
- Ən vacib oyunlarımızdan biridir. Rəqibi artıq daha yaxşı tanıyırıq. Pis hazırlaşmamışıq. Hər şeyə hazırıq. "Qöteborq" güclü komandadır. Yaxşı müdafiə olunurlar. Hələ ki, ümumi nəticədə məğlub tərəfik. Amma vəziyyəti düzəltməyə çalışacağıq.
- Bu oyunu ölüm-qalım mübarizəsi saymaq olar?
- Belə deməzdim. Amma vacib oyundur. Qrup mərhələsində oynamaq istəyiriksə, qələbə qazanmalıyıq.
- İsveçliləri nəyin sayəsində məğlub etmək olar?
- Müdafiədə çox diqqətli oynamaqla. Rəqibə qol şansı yaratmamalıyıq. Daha çox hücumda vaxt keçirməyi planlaşdırırıq. Aqressiv, sürətli oynamalıyıq.
- Dino Ndlovunu ilk dəqiqələrdən meydanda görə bilərik?
- Hələ qərar verməmişəm. Həm də istədiyimiz kimi hazır deyil. Belə məsuliyyətli oyunda hazır olmayan futbolçunu meydana buraxmaq düz olmazdı.
- Bəs heyətdə hansısa dəyişiklik mümkündür?
- Olsa da, az olacaq. Ciddi dəyişikliyə ehtiyac görmürəm. Məğlub olsaq da, ilk maçtda oyuna nəzarət bizim əlimizdə idi.
- Yenə qol imkanlarından lazımınca yararlanmamağınız mümkündür?
- Şanslardan maksimum yararlanmaq lazımdır. Yaxşısını düşünməliyk. "Qöteborq"u ilk oyunda müdafiə olunmağa biz məcbur etdik. Amma müasir futbolda daha çox müdafiəni düşünən komandalar nəticə qazanırlar. Bu, az riskli və qələbəyə ən asan yoldur. İstənilən halda, qələbə qazanmaq istəyiriksə, daha çox hücum etməliyik.
- Mümkün penalti seriyasına hazırsınız?
- Bunun gerçəkləşməsini istəməzdim. Amma öncədən də dediyim kimi, hər şeyə hazır olmalıyıq. Penaltilərə hazırlaşmamışıq. Hər şeyə əsas vaxtda aydınlıq gətirməliyik.
- "Qəbələ"nin Sloveniya "Maribor"unu keçmək şansını necə qiymətləndirərdiniz?
- Müsbət. Üstünlük onların tərəfindədir. Amma asan olmayacaq. Onlara uğurlar arzulayıram. Əla məşqçiləri var. Ümid edirəm ki, uğur "Qəbələ"nin tərəfində olacaq.