Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında Azərbaycan nümayəndə heyəti də iştirak edəcək
Noyabrın 18-21-də Çexiyanın Praqa şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 44-cü Baş Assambleyası keçiriləcək. Azerisport.az xəbər verir ki, Assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Respublikası Gənclər və İdman nazıri Azad Rəhimov, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva və digərləri iştirak edəcək.
Eyni zamanda, AOK-nin İcraiyyə Komitəsinin üzvü olan Çingiz Hüseynzadə adı çəkilən təşkilatın 4-cü iclasında iştirak edəcək. Həmçinin, tədbir çərçivəsində AOK-nin “İdmanda Qadın və Bərabərlik” Komissiyasının üzvü olan Könül Nurullayevanın da iştirakı nəzərdə tutulub.
Əlavə olaraq, 2016-cı il Rio de Janeiro Yay Olimpiya Oyunları və 2020-ci il Pekin Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. Yeniyetmələr arasında 2016-cı il Lillehhammer Qış Olimpiya Oyunları da müzakirə olunacaqdır. Həmçinin, 2021-ci ildə keçiriləcək Avropa Yeniyetmələrinin Olimpiya Festivalının namizəd ölkələrinin siyahısı açıqlanacaq.
Xatırladaq ki, Avropa Olimpiya Komitəsinin 45-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı tədbirdə açıqlanacaq.