Səmti müəyyən etmə idman növü ilk medal
Səmti müəyyən etmə idman növü üzrə 26 fevral – 1 mart tarixlərində Türkiyənin Antalya və Alanya şəhərlərində keçirilən Dünya reytinqli yarışa (WRE statuslu) yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışa Dağçılıq İdman Klubu, Neftçi İB, Bakı Azimutu klublarından ümumilikdə 11 idmançı qatılıb.
Keçirilmiş yarış Azərbaycanın səmti müəyyən etmə idmanı üçün böyük uğurla yadda qalıb. Belə ki, Alanya şəhərinin Cebeli Reis, Gedevet və Alanya Kastl ərazilərində qısa, orta məsafələr və eləcə də sprint üzrə M40 kateqoriyasında çıxış edən idmançımız Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı, Bakı Azimutu klubunun üzvü Xəyyam Məmmədov dörd mərhələnin cəmi üzrə üçüncü yeri tutaraq yarışın bürünc medalına sahib olub.
Azərbaycan tarixində ilk dəfə olaraq səmti müəyyən etmə idman növü üzrə beynəlxalq statuslu yarışda qazanılmış medal ölkəmiz üçün idman sahəsində əldə edilmiş uğurlardan biridir.
Məlumat üçün qeyd edək ki, hər il Türkiyədə təşkil olunan WRE (Dünya reytinqli yarış) statuslu “Antalya O Days” turnirinə ölkəmiz ilə yanaşı İsveç, Finlandiya, Danimarka, Norveç, İsveçrə, Rumıniya, Rusiya, Belarus, Qazaxıstan kimi ölkələr də qatılmışlar. Ümumilikdə 2000-dən çox idmançı 12-dən çox kateqoriya üzrə keçirilən yarışda qüvvələrini sınayıblar.
Sonda onu da qeyd edək ki, ölkəmizdə səmti müəyyən etmə idman növü üzrə klublar artmaqdadır və bunlar da gələcəkdə keçirilən beynəlxalq yarışlarda ölkəmiz adına öz müsbət təsirini göstərəcək.